19 oktyabr 2025 16:22
102

20 oktyabr -Zəngilan şəhəri günüdür

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Zəngilan şəhəri və rayonu 27 ildən artıq müddət ərzində nəzarətsiz qalmışdır. Soydaşlarımızın Ermənistanın etnik təmizlənmə siyasətinin qurbanı olmuşdu. 

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası əməliyyatı” zamanı ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Vətən Müharibəsində, 20 oktyabr tarixində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğaldan azad edildi. 23 dekabr 2020-ci il tarixində bayrağımız Zəngilan rayonunda dalğalandı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu, bölgənin tarixi və coğrafi əhəmiyyətini bir daha ortaya qoydu. 20 oktyabr Zəngilan şəhərinin işğaldan azad edilməsi günü kimi qeyd edilir. Zəngilan məcazi mənada desək, Zəngəzura giriş qapısıdır. Bu rayon coğrafi cəhətdən çox əhəmiyyətli strateji ərazidir. Belə ki, TRİPP yolundan keçəcək dəmiryolu xətti Zəngilandan da keçəcək, beləliklə də, rayonun nəqliyyat infrastrukturuna töhfə verilmiş olacaq.

Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. İlk pilot layihə çərçivəsində Ağalı kəndində 200 evdən ibarət kənd salınmışdır. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Burada məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Ağalı kəndi ağıllı kənd konsepsiyasının ilk dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. “Ağıllı kənd” layihələri, kənd təsərrüfatı inkişafı, ekoloji tarazlığın qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə atılan addımlar arasında yer alır. Zəngilanın günəş enerjisi potensialı bu bölgəni “yaşıl enerji” zonasına çevirmək məqsədini güdür.

Zəngilan şəhərində və kəndlərində elektrik, su, qaz, rabitə kimi əsas infrastrukturlar sıfırdan qurulmağa başlanmışdır. Yeni avtomobil yolları, körpülər və dəmir yolu xətləri inşa olunur, xüsusilə Horadiz–Zəngilan dəmir yolu xətti layihəsi həyata keçirilir. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci ilin oktyabrında istifadəyə verildi. Bu hava limanı regionun inkişafı və logistik əhəmiyyət baxımından vacib addımdır.

Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışır.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. 2020-ci ilin 20 oktyabrı Zəngilan əhalisi üçün tarixə ümid və qürur günü kimi yazıldı. Bu xoş günlər, xalqla dövlətin birliyinin, səbir və iradənin təntənəsidir. Allah bu günü bizə yaşadan şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı versin!

Milli Məclisin deputatı Pərvanə Vəliyeva