20 oktyabr 2025 17:12
108

Banqladeşin paytaxtında baş verən yanğın nəticəsində dəyən ziyan 1 milyard dolları keçə bilər

Oktyabrın 18-də Dəkkə Beynəlxalq Hava Limanının yük terminalında baş vermiş güclü yanğın yerli şirkətlərə 1 milyard dollardan çox itki verə bilər. Yanğın nəticəsində ixrac üçün hazırlanmış külli miqdarda geyim, tekstil, əczaçılıq məhsulları və digər mallar yanıb.

“İki sahil” BBC-nin məlumatına istinadla xəbər verir ki, itkilərin miqyası bəzi istehsalçıların müflisləşməsinə səbəb ola bilər.

Banqladeş Çindən sonra dünyanın ikinci ən böyük geyim ixracatçısıdır. Tikiş sənayesi hər il təxminən 40 milyard dollar gəlir gətirir ki, bu da Banqladeş ÜDM-nin 10%-dən çoxunu təşkil edir. Banqladeş Geyim İstehsalçıları və İxracatçıları Assosiasiyasının vitse-prezidenti İnamul Haque Xanın BBC-yə verdiyi məlumata görə, yanğın nəinki böyük qlobal pərakəndə satış şirkətlərinin tamamlanmış sifarişlərini, həm də yeni müştərilərə nümayiş etdirilməsi planlaşdırılan böyük nümunə mallarını məhv edib.