Cari ilin 9 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 739 xilasetmə əməliyyatı həyata keçirilib, 816 nəfər xilas edilib.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yanğın hadisələri ilə bağlı aparılan təhqiqat işlərinin nəticələri təhlil olunub. Nəticələrə əsasən, cari il ərzində statistika üzrə qeydə alınan yanğınların 46 faizinin elektrik avadanlıqlarının quraşdırılması və istismarı, 15 faizinin nəqliyyat vasitələrinin istismarı, 9 faizinin odla davranış (ehtiyatsızlıq), 3 faizinin tütün məhsullarından istifadə, 1 faizinin isə məişətdə qaz, kerosin, benzin və s. ilə işləyən qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyən olunub.
Həmçinin cari ildə statistika üzrə qeydə alınan yanğınların 11 faizini qəsdən yandırma halları təşkil edib. Baş vermiş yanğın hadisələrinin təhqiqatının nəticələrinin təhlili göstərib ki, yanğın obyektləri müəyyən təsnifatlar üzrə bölünüb. Belə ki, cari il ərzində yanğınların 60 faizinin çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 21 faizinin nəqliyyat vasitələrində, sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 4 faizinin ticarət obyektlərində, 3 faizinin meşə ərazisi və açıq sahələrdə, 1 faizinin nəqliyyat vasitələrinin saxlanılması və təmiri üçün nəzərdə tutulan obyektlərdə, 1 faizinin isə anbarlarda baş verdiyi məlum olub.