Sürücülər bilirlər ki, nəqliyyat vasitəsini yüksək sürətlə sürmək, təhlükəli manevrlər etmək, ara məsafəsini düzgün saxlamamaq, piyada keçidlərini bildirən nişanlara diqqət yetirməmək qəzalara səbəb olur. Piyadalar da yaxşı bilirlər ki, nizamlayıcının siqnallarına diqqət yetirməmək, keçidlərdən istifadə etməmək, sürücülərin onlara yol verdiyinə tam əmin olmadan yolu keçmək təhlükəlidir. Təəssüflər olsun ki, çoxlarının qaydalardan xəbərdar olmalarına baxmayaraq, yenə də ölüm və xəsarətlə nəticələnən qəzalar baş verir.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücü və piyadalara müraciətində bildirilib.
Qeyd olunub ki, NİİM-in müşahidə kameralarının əhatə dairəsində piyada vurulması ilə nəticələnən qəzaların təhlili göstərir ki, bu yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasında diqqətsizlik və məsuliyyətsizlik dayanır. Qəzalar daha çox piyada keçidlərinin bir neçə metrliyində, lakin keçidlərdən kənarda qeydə alınır. Mərkəz vəziyyətin ciddiliyini nəzərə alaraq bir daha yol hərəkəti iştirakçılarına müraciət edib. “Əziz yol hərəkəti iştirakçıları, həyat və sağlamlığınız üçün vacib olan təsadüf və ya qismət yox, yollarda diqqət və məsuliyyətdir. Həm piyadalar, həm də sürücülər yollarda son dərəcə diqqətli və məsuliyyətli olmalıdırlar”, - deyə müraciətdə vurğulanıb.