27 oktyabr 2025 17:53
97

Azərbaycan millisinin baş məşqçisi: Qazaxıstanla oyunlarda qələbə qazanmaq böyük önəm kəsb edirdi

Qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Şımkənt şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən (1:0) sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, Qazaxıstanla oyunların komanda üçün çox vacib olduğunu bildirib: “Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə kimi tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.

Qeyd edək ki, millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə isə 2:1 hesablı qələbə qazanıb.