Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Abdelmacid Tebbunu və Əlcəzair xalqını təbrik edib.
“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir”.
“Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm”, - deyə məktubda bildirilib.
Sudanın Azərbaycandakı səfirliyində Əl-Faşerdə törədilən soyqırımla bağlı mətbuat konfransı keçirilib
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında Azərbaycan da təmsil olunub