03 noyabr 2025 17:50
148

TƏBİB diabetin vaxtında aşkarlanması istiqamətində 280-ə yaxın vətəndaşa tibbi xidmət göstərib

Əhalidə şəkərli diabet xəstəliyi barədə məlumatlılığı artırmaq, gizli (erkən) diabetin vaxtında aşkarlanması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə baş tutan "Gizli diabeti erkən aşkar et!" maarifləndirici aksiya çərçivəsində 280-ə yaxın vətəndaşa tibbi xidmətlər göstərilib.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tədbir TƏBİB-in dəstəyi və Respublika Endokrinoloji Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Ağayeva və Mərkəzin struktur bölmə rəhbərləri, həmçinin əməkdaşları iştirak edib. A.Nəsirov belə maarifləndirici tədbirlərin ictimai sağlamlığın qorunması və xəstəliklərin erkən aşkarlanmasında mühüm rol oynadığını vurğulayıb. Mərkəzin Laboratoriya şöbəsinin əməkdaşları vətəndaşlarda qanda qlükoza səviyyəsi ölçüb, göstəriciləri normadan artıq olanlar üç aylıq şəkər -qlikohemoqlobin (HbA1c) təyin edilərək ilkin diaqnoz təyin olunub. Həmçinin müayinədən keçənlərə tibb bacıları tərəfindən müraciət edənlərin arterial təzyiqi və nəbzi ölçülüb, bədən kütlə indeksi hesablanıb. Preddiabet və diabet aşkanlanan vətəndaşlara həkim-endokrinoloqlar tərəfindən tövsiyələr verilib, habelə qidalanma, fiziki aktivlik və diabetin profilaktikası barədə sağlam həyat tərzini təbliğ edən maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, noyabrın 14-də Ümumdünya Diabet Günüdür.