Bəxtiyar Hacıyev: Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr Azərbaycanı beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevirib. Ölkə iqtisadiyyatının sürətli inkişafı, nəqliyyat sahəsində əməkdaşlıqların genişlənməsi, geosiyasi dəyişikliklər, sənaye liderlərinin alternativ marşrutlar axtarışı bu çağırışlara cavab verəcək dəmiryol infrastrukturunu da labüd edir. Ölkəmizin əlverişli coğrafi mövqeyi – Şərq-Qərb və Şimal-Cənub ticarət yollarının kəsişməsində yerləşməsi – bu sahənin inkişafına təkan versə də, strateji investisiyalar və çoxtərəfli əməkdaşlıq da əsas amillərdəndir.
Azərbaycanın dəmir yolu infrastrukturu yeni mərhələdə
Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) son illərdə bir sıra mühüm infrastruktur layihələri icra edib. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat sistemində mühüm hadisə 2017-ci ildə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin açılışı olub. Bu layihə sayəsində Orta Dəhliz üzərindən birbaşa Avropa istiqamətinə çıxış təmin edilib və ölkənin tranzit potensialı kəskin şəkildə artıb. 2024-cü ildə xəttin Gürcüstan hissəsində modernləşmə işləri başa çatdırılaraq illik yükdaşıma qabiliyyəti 5 milyon tona çatdırılıb. Bu il Çin, həmçinin Türkiyə və Gürcüstandan olan tərəfdaşlarla BTQ-nin səmərəliliyinin arıtırılması, yükdaşıma potensialının və rəqabətqabiliyyətinin gücləndirilməsi üçün Anlaşma memorandumları imzalanıb. Səmərəli tərəfdaşlıqlar nəticəsində ADY 2024-cü ildə 18,5 milyon ton yük daşıyaraq əvvəlki illə müqayisədə nəzərəçarpan artım əldə edib.
Qazaxıstan-Ermənistan tranziti: Yeni əməkdaşlıq səhifəsi
Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstanda dövlət səfəri zəfəri zamanı bəyan edib ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb: “Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir.”
Artıq Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana tranzit daşınmasına başlanılıb. Noyabrın 6-da Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb. Qatar Biləcəri stansiyasından yola düşüb. Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirələk yüklər Böyük Kəsik stansiyasına yola salınıb.
Regional sülhə və iqtisadi inteqrasiyaya töhfə
Qazaxıstan taxılı ilə yüklənmiş qatarın Azərbaycandan Ermənistana yola salınması zamanı Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir: “Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərildi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır.”
Bəxtiyar Hacıyev qeyd edib ki, Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb: “Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Qatar artıq Biləcəri stansiyasından Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından Ermənistana yola salınacaq. Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir.”
Orxan Vahidoğlu, “İki sahil”
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər