08 noyabr 2025 00:35
88

2025-ci ilin iqtisadiyyat xəbərləri…

Artım çoxdur, yoxsa azalma?

Artıq 2025-ci ilin sonlarına yaxınlaşırıq. Bu dövrdə Azərbaycanda iqtisadiyyatın bəzi sahələrinin  inkişafı da müşahidə olunmaqdadır. Bəs cari ilin doqquz ayında iqtisadiyyatın hansı sahələrində artım və ya azalma qeydə alınıb?

9 ayda dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib

2025-ci ilin yanvar - oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 229,9 milyon manat və ya 1,6 faiz artıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 411,8 milyon manat olmaqla  proqnoz 103,0 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 860,3 milyon manat və ya 9,0 faiz artıb. Bir sözlə, bu müddətdə  ödənilən vergilərin 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi isə neft-qaz sektorunun payına düşüb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,1 faiz, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5 faiz artıb

Cari ilin doqquz ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artıb və 185,5 milyon manat təşkil edib. Bu istiqamətdə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manat olub.

Bu dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manattəşkil edib.  Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz artaraq 650,0 milyon manat olub.

Azərbaycanın dövlət borcunun azalması davam edir

Ölkəmizin 1 oktyabr 2025-ci il tarixinə daxili dövlət borcu 17.046,8 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib. Bununla bağlı Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, daxili dövlət borcu yanvarın 1-i ilə müqayisədə 1.612,9 milyon manat azalıb. Hesabat dövründə daxili dövlət borcunun 7.987,0 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.059,8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür. Həmçinin 1 oktyabr tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10.686,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,2 faizini təşkil edib.

Bildirilib ki, 1 oktyabr 2025-ci il tarixinədək  xarici dövlət borcu 4.893,1 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil edib. Xarici dövlət borcunun 50,7 faizi 5 ilə qədər olan müddətdə, 43,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Bu ilin  yanvarın 1-i tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalıb. 

Ölkə ərazisində 109 mindən çox yeni nəsil NKA quraşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Cari ilin doqquz ayında ölkə ərazisində 109.164 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Cari ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyard manat, yaxud 12,7 faiz çoxdur.

BTC vasitəsi ilə 19 milyon ton neft  ixrac olunub

Cari ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz (və ya 7 milyon dollar) azalma və 1,8 dəfə (və ya 22 milyon dollar) artım deməkdir.

1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilib (5,1 faiz artım) və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 19 milyon ton (təxminən 159 milyon barel) xam neft və kondensat (13,6 faiz azalma) Ceyhan terminalında 216 tankerə yüklənib və yola salınıb.

Ağdam Sənaye Parkının yeni rezidentilərinin sayı 31-ə çatıb

Bu il «Saloğlu Qarabağ» MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.  Bununla da Parkın rezidentlərinin sayı 31-ə çatıb. Yeni rezident tərəfindən Sənaye Parkının ərazisində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal aksesuarların istehsalı nəzərdə tutulur. İnvestisiya dəyəri 6 milyon manat olacaq müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Sumqayıt Sənaye Parkı «BYD» avtobuslarının istehsalını genişləndirir

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ildə imzaladığı «Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında» Sərəncama uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi genişləndirilir. Artıq Sumqayıt Sənaye Parkında yerləşən «Azerbaijan Energy Automotive Factory»də (AEAF) istehsal prosesinə başlanılıb və ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb. Təbii ki, bu,  Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir.

İlk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir. Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin  paralel olaraq yük, kommunal və minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər reallaşdırılacaq.

Bu təşəbbüslər Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini gücləndirir. Qeyd edək ki, «Azerbaijan Energy Automotive Factory» İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun, «SARDA Group» və «BYD»nin birgə təşəbbüsü ilə yaradılıb.

Elçin Zaman, «İki sahil»