10 noyabr 2025 14:48
129

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi: Gəncədə təşkil edilən Avropa çempionatına maraq böyükdür

Aerobika üzrə Avropa çempionatının Gəncə şəhərində keçirilməsi sevindirici məqamdır.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Sara Şükürova Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatı barədə danışarkən deyib.

Sara Şükürova turnirə marağın yüksək səviyyədə olduğunu bildirib: “İyirmi ölkədən 380 gimnast medallar uğrunda mübarizə aparır. Onların valideynləri, məşqçilər korpusu bugünkü finalı səbirsizliklə gözləyirlər. Sabah gənclər və 15 yaşadək gimnastlar arasında yarışlara yekun vurulacaq. Noyabrın 14-16-da isə Gəncə İdman Sarayında böyüklər arasında Avropa çempionatı baş tutacaq”.

Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır. Ötən gün start götürən yarışa noyabrın 11-də yekun vurulacaq.