10 noyabr 2025 20:27
114

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib

Çinin paytaxtı Pekində Azərbaycan-Çin münasibətlərinə dair beynəlxalq elmi konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, Çinin ölkəmizdəki səfirliyinin təşkil etdiyi tədbir iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin tarixi, hazırkı vəziyyəti və inkişaf perspektivlərinin elmi əsaslarla təhlilinə həsr olunub.

Konfransda hər iki ölkənin Elmlər akademiyalarının müvafiq bölmələrinin, ali təhsil ocaqlarının, beyin mərkəzlərinin alim, müəllim və tədqiqatçıları Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, mədəni, humanitar, elm və təhsil sahəsində əməkdaşlığına dair məruzələr edib, fəal fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, tarixi İpək yolu dövründən təməli qoyulan münasibətlər Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə daxil olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev Azərbaycanın Çin ilə münasibətlərinin inkişafını daim diqqətdə saxlayıb.

Bildirilib ki, hazırda dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı hörmət və etimad ölkələrimizin münasibətlərinin inkişafında hərəkətverici qüvvə rolunu oynayır. Liderlərin səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Bunun bariz nümunəsi ötən il iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbulu, cari ilin aprelində isə Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanmasıdır. Yüksək səviyyədə olan siyasi əlaqələr ölkələrimizin iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığının inkişafını stimullaşdırır.

Vurğulanıb ki, Çin Azərbaycan əsas ticarət tərəfdaşıdır. İki ölkə sənaye, investisiya, nəqliyyat, logistika, energetika, yaşıl enerji və digər sahələrdə sıx əməkdaşlıq edir. Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünün həyata keçməsində özünün əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə önəmli rol oynayır. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə çoxalır.

Məruzəçilər Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin, elm, təhsil və mədəni layihələrin, gənclərin qarşılıqlı səfərlərinin, vizasız səyahət rejiminin iki ölkə və xalq arasında dostluğu daha da dərinləşdirdiyini bildiriblər.

Sonra azərbaycanlı və çinli tələbələrin sualları cavablandırılıb.