10 noyabr 2025 21:12
86

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verib

Almaniyada Sahra Vaqenknext İttifaqının (BSW) qurucusu və sədri Sahra Vaqenknext partiya rəhbərliyindən istefa verdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, Berlində keçirilən mətbuat konfransında bu qərarını elan edib.

Sahra Vaqenknext bundan sonra partiyanın proqram və ideoloji istiqamətlərinin formalaşdırılması ilə məşğul olacağını, bu məqsədlə yaradılacaq yeni Dəyərlər Komissiyasına rəhbərlik edəcəyini bildirib. O, bu qərarın əsas səbəbini partiyanın gələcək inkişafı üçün daha çox məzmun üzərində işləmək istəyi ilə əlaqələndirib.

BSW-nin yeni rəhbərliyinə hazırkı həmsədr Amira Məhəmməd Ali və Avropa Parlamentinin üzvü Fabio De Masi namizəd göstərilib. Partiyanın yeni rəhbər orqanları dekabrın 6-7-də Maqdeburqda keçiriləcək qurultayda seçiləcək.

Xatırladaq ki, Sahra Vaqenknext 2024-cü ildə Sol Partiyadan ayrılaraq BSW-ni yaradıb. Partiya bu ilin fevralında keçirilmiş Bundestaq seçkilərində 5 faizlik həddi cüzi fərqlə keçə bilməmişdi.