İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi prokurorun vəsatətinə əsasən, 24 il əvvəl keçmiş prezident Robert Koçaryanın mühafizəsinin iştirakı ilə "Araqast" kafesindəki davadan sonra ölən Poqos Poqosyanın cəsədinin ekshumasiya edilməsi barədə qərar qəbul edib.
“İki sahil” Ermənistan İctimai Televiziyasına istinadən xəbər verir ki, sentyabrın 11-də prokuror Tsovak Mnatsakanyan müvafiq vəsatət ilə məhkəməyə müraciət edib. O, 2001-ci ildə baş vermiş qətl hadisəsinin üstünü açacaq yeni halların aşkarlana biləcəyinə əmin olduğunu bildirib.
Nəticədə, bu gün hakim Karen Farxoyan prokuror Mnatsakanyanın vəsatətini təmin edərək, ekshumasiya qərarı qəbul edib. Ermənistan tərəfi ekshumasiya üçün icazə almaq məqsədilə Gürcüstan tərəfinə müraciət etməlidir.
Keçirdiyi son mətbuat konfransında Robert Koçaryan hadisə vaxtı kafedə olmadığını, hadisədən 40 dəqiqə əvvəl oranı tərk etdiyini bildirib. Hadisə barədə ona səhər xəbər verilib, çünki həmin gün Şarl Aznavur İrəvana səfər edib və keçmiş prezident onunla birlikdə olub.
Xatırladaq ki, 2001-ci ildə Koçaryanın mühafizəçisi Ağamal Harutyunyan Poqos Poqosyanın öldürülməsində ittiham edilib. Rəsmi versiyaya görə, kişilər arasında "Araqast" kafesində münaqişə baş verib, nəticədə, Poqosyan yıxılıb və başının arxa tərəfi kafel döşəməyə çırpılıb. O, aldığı ağır kəllə-beyin travması nəticəsində dünyasını dəyişib.
Harutyunyan ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham edilib və iki il şərti cəza alıb. 2019-cu ildə Böyük Britaniyadan olan şahidin Poqosyanın ölümcül döyüldüyünü ifadə etməsindən sonra iş bərpa edilib və qəsdən adamöldürmə kimi təsnif edilib.