Sevinc Əliyeva: Əslində, problem təkcə bilik və məsuliyyət çatışmazlığında deyil, həm də müasir media mühitinin təbiətindədir: sürət, rəqabət, sosial mediada populizm- bunlar dilin keyfiyyətinə mənfi təsir göstərir
Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, mədəni yaddaşımızın və mənəvi birliyimizin daşıyıcısıdır. Bu dildə yazmaq, danışmaq və xüsusilə də kütləvi informasiya vasitələrində onu düzgün şəkildə işlətmək hər bir jurnalistin həm peşə, həm də vətəndaşlıq borcudur.
Son illərdə çap və onlayn mediada müşahidə olunan dil pozuntuları, orfoqrafik və üslubi səhvlər, yad sözlərin həddən artıq işlədilməsi dilin saflığına kölgə salır. İnformasiya axınının sürətləndiyi, sosial medianın əsas xəbər mənbələrindən birinə çevrildiyi bir dövrdə dilə münasibət məsələsi daha da aktuallaşıb.
Azərbaycan dilinin qorunması istiqamətində dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilir. Xəbər portalları, qəzet və jurnallar üçün hazırlanan yeni təlimatlar, terminoloji bazanın yenilənməsi və dil qaydalarına riayətə dair monitorinqlər bu sahədə nəzarətin gücləndirilməsinə xidmət edir. Məqsəd yalnız səhvləri aradan qaldırmaq deyil, həm də dilə qarşı məsuliyyət hissini formalaşdırmaqdır.
Mətbuatın gücü onun sözündədir. O söz isə yalnız doğru, aydın və ədəbi olduqda cəmiyyətə təsir göstərə bilir. Buna görə də istər jurnalist, istər redaktor, istərsə də xəbər portallarının rəhbərləri üçün Azərbaycan dilinin düzgün istifadəsi sadəcə texniki məsələ deyil, milli mədəniyyətin qorunması məsələsinə çevrilməlidir.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışında qeyd etdi ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Dövlət başçısı bildirdi ki, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər: “Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.
Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm".
Prezident İlham Əliyevin çıxışı dilimizin yalnız ünsiyyət vasitəsi deyil, milli varlığımızın, mədəniyyətimizin və dövlətçiliyimizin təməl daşı olduğunu göstərdi. Onun mesajı açıqdır - dilimizi qorumaq hər birimizin vəzifəsidir. Elmdə, mətbuatda, təhsildə və ictimai həyatda dilimizin yüksək səviyyədə tətbiqi istiqamətində fəaliyyət gücləndirilməlidir.
Xarici ifadələrin mediada işlənməsi ədəbi dilin normalarını pozur
Qloballaşan informasiya məkanında xarici mənbələrdən daxil olan xəbərlərin operativ şəkildə tərcümə edilərək yayılması artıq media fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Lakin bu prosesin sürəti çox vaxt keyfiyyətin, xüsusilə də ədəbi dilin normalarının pozulması hesabına başa gəlir.
Son illərdə xəbər portallarında və sosial media səhifələrində rast gəlinən üslub, qrammatika və orfoqrafiya səhvləri, həmçinin yad ifadələrin artması dilçilər və jurnalistlər arasında ciddi narahatlıq doğurur. Xarici mənbələrdən tərcümə edilən xəbərlərdə tez-tez dilin daxili qanunauyğunluqlarına uyğun olmayan cümlə quruluşları, qeyri-adi söz seçimi və təhrif olunmuş terminlər müşahidə edilir. Bu, həm dilin saflığını pozur, həm də oxucuda natamam ifadə təəssüratı yaradır.
Azərbaycan dilinin zənginlik və səlislik imkanlarına baxmayaraq, bəzi media subyektləri orijinal ifadələri tərcüməsiz, olduğu kimi təqdim edir. “Press reliz yayımladı”, “Komment verdi” kimi kəlimələr jurnalist yazılarında yer almağa başlayıb. Halbuki Azərbaycan dilində bu anlayışların tam qarşılığı mövcuddur. Məsələnin kökündə bir çox hallarda vaxt məhdudiyyəti və peşəkar redaktə çatışmazlığı dayanır. Bəzi redaksiyalar tərcümə edilmiş xəbərləri dil baxımından yoxlamadan yayımlayır, nəticədə cümlə quruluşu yad dillərin sintaksisinə uyğun formalaşır. Bu hal təkcə texniki qüsur deyil, həm də dilin təbii axarını pozan, ədəbi norma və milli üsluba zərbə vuran tendensiyadır.
Azərbaycan dilinin ədəbi normalarına riayət etmək medianın həm peşəkarlıq, həm də milli məsuliyyət göstəricisidir. Jurnalistlər və redaktorlar üçün əsas məqsəd xəbəri sadəcə tərcümə etmək deyil, onu dilimizin ruhuna uyğunlaşdırmaq, oxucuya aydın və milli üslubda təqdim etmək olmalıdır. Əks halda, sürətli informasiya dövriyyəsi Azərbaycan dilinin təmizliyini təhlükə altına sala bilər.
Müasir media dilinin əsas problemi nədədir?
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu günlərdə AMEA-nın 80 illik yubileyində dövlət başçısı Preziden İlham Əliyev də Azərbaycan dilinin saflığının qorunması məsələsinə toxunaraq bu işdə medianın rolunu xüsusi vurğuladı. Müasir media dilinin problemi həm bilik çatışmazlığı, həm də məsuliyyət hissinin zəifləməsi ilə bağlıdır, amma bu iki amil bir-birindən asılı şəkildədir: “Belə ki, müasir media nümayəndələrinin bir hissəsi dilin norma və qaydalarına, üslub xüsusiyyətlərinə, jurnalist etikasına kifayət qədər dərindən bələd deyil. Nəticədə qrammatik və leksik səhvlər artır, dilin saflığı pozulur, yad sözlər və jarqonlar çoxalır, sitatların, başlıqların, faktların düzgün formalaşdırılması zəifləyir və oxucuya çatdırılan fikir aydınlığını itirir. Bu, xüsusilə onlayn media və sosial şəbəkə jurnalistikasında daha qabarıq hiss olunur. Çünki informasiyanın sürəti keyfiyyətə üstün gəlir. Digər tərəfdən, bir çox jurnalist və bloqerlər dil və informasiya qarşısında məsuliyyət hissini itirib. Ona görə də dezinformasiya və manipulyativ dil artır, aqressiv, emosional və qeyri-obyektiv ifadələr çoxalır. Eyni zamanda, media dəyərləri- obyektivlik, etik yanaşma, hörmət və düzgün üslub arxa plana keçir.”
Sevinc Əliyevanın sözlərinə görə, bəzən jurnalist məlumatın dəqiqliyindən çox klik sayı və oxucu reaksiyasına üstünlük verir. Bu isə dilin mədəni və ictimai funksiyasına zərbə vurur: “Əslində, problem təkcə bilik və məsuliyyət çatışmazlığında deyil, həm də müasir media mühitinin təbiətindədir: Sürət, rəqabət, sosial mediada populizm- bunlar dilin keyfiyyətinə mənfi təsir göstərir. Düzgün çıxış yolu fikrimcə, media işçilərinin dil mədəniyyəti və üslub təhsilinin gücləndirilməsi, etik kodekslərə əməl və redaksiya nəzarətinin bərpası, jurnalistlərin dil məsuliyyəti və peşə dəyərləri barədə maarifləndirilməsidir.”
Sosial media platformaları jurnalist dilinə necə təsir göstərir?
Sevinc Əliyevanın fikrincə, sosial media platformalarının jurnalist dilinə təsiri həm müsbət, həm də mənfi tərəfləri ilə özünü göstərir.
Sosial media qısa və diqqəti cəlb edən məlumat tələb edir. Buna görə də jurnalistlər məlumatı minimum sözlə çatdırmağa çalışır, başlıqlar daha çox sensasiyalı və emosional olur. Uzun, dərin təhlillər yerini “klik” üçün yazılmış cümlələrə verir: “Bu, bir tərəfdən oxucunun diqqətini artırsa da, digər tərəfdən dilin zənginliyinin və ifadə dərinliyinin azalmasına səbəb olur. Sosial mediada jurnalistlər tez-tez rəsmi üslubdan uzaqlaşır, qeyri-rəsmi, bəzən emosional ifadələrdən istifadə edir, oxucularla “ünsiyyət dili” qurmağa çalışır. Nəticədə jurnalistika dili mətbuat üslubundan çox, danışıq dilinə yaxınlaşır. Bu, media dilinin normativliyinə və obyektivliyinə mənfi təsir göstərir. Sürətli paylaşım tələbi jurnalistləri bəzən məlumatı yoxlamadan paylaşmağa, təhrif olunmuş başlıqlar yazmağa, şayiə və emosiyaya əsaslanan materiallar yaymağa sövq edir. Bu isə həm dil məsuliyyətini, həm də peşə etikasını zəiflədir.
Sosial media jurnalistə oxucu ilə birbaşa dialoq imkanı verir. Bu, dil baxımından yeni ifadə formalarının yaranmasına, jurnalist dilində interaktiv ünsiyyət üslubunun formalaşmasına, “Rəqəmsal üslub”un (hashtag, emoji, qısaltmalar) dilə daxil olmasına səbəb olur. Bu da həm yeniləşmə, həm də dilin sistem pozuntusu deməkdir. Sosial mediada hər kəs öz fikrini bildirə bildiyi üçün jurnalistika dili də daha açıq və xalq dilinə yaxın olur, amma, eyni zamanda, dilin keyfiyyətinə nəzarət azalır. Bu, dilin demokratikləşməsi ilə yanaşı, dil standartlarının dağılmasına gətirib çıxarır.”
Həmsöhbətimiz vurğuladı ki, Azərbaycan dilinin həm onlayn, həm də çap mediasında qorunması üçün redaksiya nəzarəti əsas amillərdən biridir. Müasir şəraitdə dil pozuntularının qarşısını almaq üçün bir sıra redaksiya mexanizmləri sistemli şəkildə tətbiq olunmalıdır: “Redaksiya daxilində dil redaktoru institutu bərpa edilməli, jurnalistlər üçün dil və üslub üzrə mütəmadi təlimlər keçirilməlidir. Bununla yanaşı, onlayn media üçün avtomatik dil nəzarət sistemləri- rəqəmsal redaksiyalarda intellektual dil yoxlama proqramları (spell-checker, grammar checker, termin bazaları) inteqrasiya olunmalı, redaksiya dil standartları və daxili üslub qaydaları -hər bir media qurumunun öz “dil kodeksi” olmalıdır: terminlərin düzgün yazılışı, xarici adların transliterasiyası, sitatların verilməsi qaydası, üslub tələbləri bu kodeksdə göstərilməlidir və bu qaydalar bütün əməkdaşlar üçün məcburi olmalıdır.”
Dil ekspertləri və dil institutları ilə əməkdaşlıq
Sevinc Əliyevanın fikrincə, media qurumları AMEA-nın Dilçilik İnstitutu və ya Azərbaycan Jurnalistlər Birliyi ilə əməkdaşlıq edərək dil pozuntuları ilə bağlı monitorinqlər aparmalı, nəticələrə əsasən düzəliş mexanizmləri hazırlamalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır: “Bu, həm mediada dövlət səviyyəsində dilin qorunmasına dəstək verər, həm də redaksiyaları məsuliyyətə sövq edərək ictimai dil mədəniyyətini formalaşdırar.
Dil qaydalarını pozan mətnlərə görə redaktor və müəllif üçün məsuliyyət mexanizmi olmalıdır: xəbərdarlıq, əlavə redaktə mərhələsi, təkrar pozuntulara görə cəza və ya korrektə tədbiri. Bu sistem, düşünürəm ki, dilə qarşı etik münasibəti gücləndirə bilər.”
Şahnigar Əhmədova, “İki sahil”