Ukrayna qoşunları Pokrovsk şəhərinin müdafiəsini davam etdirir. Hazırda Rusiya ordusunun şəhərə nəzarəti ələ keçirməsi və ya Ukrayna Müdafiə Qüvvələrini mühasirəyə almasından söhbət getmir.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski məlumat verib.
Sırski qeyd edib ki, Pokrovsk-Mirnoqrad əməliyyatı zonasında vəziyyətin sabitləşdirilməsi döyüş tapşırıqlarına cəlb olunan hərbi komandanlıq orqanları, birləşmələr və bölmələr arasında koordinasiya səviyyəsindən asılıdır.
"Bu məqsədlə mən Pokrovsk bölgəsinə getdim. Komandirlərlə birlikdə əvvəllər müəyyən edilmiş tapşırıqların nəticələrinə diqqət yetirdik və gələcək tədbirləri planlaşdırdıq", - deyə Baş Komandan bildirib.
Onun sözlərinə görə, Pokrovsk şəhəri Rusiya ordusunun hücumunun əsas istiqaməti olaraq qalır.
Sırskinin sözlərinə görə, son 7 gün ərzində axtarış-zərbə əməliyyatları nəticəsində Donetsk vilayətinin Pokrovsk rayonundan 7,4 kvadrat kilometr ərazi təxribat və kəşfiyyat qruplarından təmizlənib.
Xatırladaq ki, Pokrovsk şəhəri Donetsk vilayətində döyüşlərin episentri olaraq qalır. Rusiya qoşunları Pokrovski bir neçə istiqamətdən mühasirəyə almağa çalışır və bu məqsədlə əlavə qüvvələr yerləşdirir.
Rusiya ordusu əlverişsiz hava şəraitindən, xüsusən də sıx dumandan istifadə edərək Pokrovska nüfuz edib. Hazırda şəhərdə 300-dən çox rus hərbçisinin olduğu bildirilir.