17 noyabr 2025 11:40
85

TÜRKMƏN ALİMİ MARAL TAQANOVA – SÖZÜN, ELMİN VƏ MİLLİ RUHUN TƏRCÜMANI

Maral Annayevna Taqanova ilə tanışlığım 2022-ci il 8-10 iyun ayında Türkiyənin Çankırı Karatekin Universitetində keçirilən  Beynəlxalq Türkiyat Konqresində baş tutmuşdur. Orada onun çox maraqlı, diqqətçəkən və şirin həmsöhbət olduğunu dərhal hiss etdim. Onun elmi fəaliyyəti, müasir türkmən dilçiliyi, jurnalistikasındakı uğurları və beynəlxalq türkoloji aləmdə tanınmış mövqeyi barədə bilgilərimi bu yazımda qısa da olsa təqdim edəcəm. Bu məqaləmi Azərbaycan mətbuatında da paylaşacam deyə, sizlərə məlum olan tərcümeyi-halından da bəzi məqamları yazıma daxil edəcəm.

Alimin həyat yolu və təhsili haqda bilgim belə oldu: Maral Annayevna Taqanova 1960-cı il 12 dekabr tarixində, Lebap vilayətinin Halaç rayonunun Çohpette kəndində doğulmuşdur. 1978-ci ildə Ahal vilayətinin Ağ Bugda rayonunun orta məktəb təhsilindən sonra Sankt-Peterburq Dövlət Universitetinin filologiya fakültəsinin rus bölməsini bitirmişdir (1978-1984).

Əmək fəaliyyətinə universiteti bitirdiyi il Dövlətməhəmməd Azadi adına Türkmən Milli Dünya Dilləri İnstitutunda başlamış və üç il orada müəllim kimi fəaliyyət göstərmiş, daha sonrakı dörd ilində isə ali təhsil aldığı universitetdə – Sankt-Peterburq Dövlət Universitetində professor Sergey Nikolayeviç İvanovun rəhbərliyi altında aspiranturada təhsil almışdır. Gənc tədqiqatçı “Türkmən dilinde iterativligi aňladýan serişdeler” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi adına layiq görülmüşdür (1991).

Müdafiədən sonra gənc alim ilk əmək fəaliyyətinə başladığı Dövlətməhəmməd Azadi adına Türkmən Milli Dünya Dilləri İnstitutunda müəllim, dosent və böyük müəllim vəzifələrində çalışmışdır (1991-2000). Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil və Ədəbiyyat İnstitutunda direktor müavini və şöbə müdiri kimi fəaliyyət göstərmişdir (2000-2007).

Beləliklə, bütün ömrünü elmə-qələmə bağlayan Maral xanım Türkmən Dövlət Xəbərlər Xidmətində müxbir, Milli Əlyazmalar İnstitutunda əsas elmi işçi olmuşdur. İlk elmi müdafiəsindən 16 il sonra “Türkmen dilinde söz ýasalyş özbaşdak ulgam hökmünde: deňeşdirme-taryhy garaýyş” mövzusunda doktorluq dissertasiyası üzərində çalışmış və bu il filologiya elmləri doktoru adına layiq görülmüşdür. Maral xanımın bu uğuruna mən də öz elmi rəyimi yazıb göndərmişdir.

Hazırda Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunda baş elmi işçi vəzifəsində çalışan Maral Taqanova təkcə öz ölkəsində deyil, türk dünyasında lingvist, türkolog, pedaqoq, tərcüməçi və jurnalist kimi tanınır. O, 230-dan artıq elmi əsərin müəllifidir və bu əsərləri Türkmənistanda, Türkiyədə, Azərbaycanda, Rusiyada, Özbəkistanda, Polşada, Qazaxıstanda və digər ölkələrdə nəşr olunmuşdur. 2024-cü ildə onun Məhtimqulu Fəraqinin rus dilinə filoloji tərcümələrinə görə “Məhtimqulu Fəraqinin 300 illiyinə” yubiley nişanı verilmişdir.

Elmi fəaliyyəti: Maral xanımın tərcümeyi-halına nəzər saldıqda onun Dövlətməhəmməd Azadi adına Türkmən Milli Dünya Dilləri İnstitutunda çalışdığı illər yaradıcılıq gücünün daha da püxtələşdiyi dövr olduğuna şahid oluruq. Bu institutda o, müəllim, dosent və böyük müəllim kimi fəaliyyət göstərərkən, dilin quruluşu, sözdüzəltmə mexanizmləri, iteraqtivlik və sintetik formalar kimi mövzulara dərindən yönəlmişdir.

Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil və Ədəbiyyat İnstitutunda çalışdığı illərdə isə həm elmi təşkilatçılıq, həm də tədqiqat fəaliyyətini genişləndirmişdir.

Milli Əlyazmalar İnstitutunda qədim əlyazmalar və tarixi mətnlərlə işləyərək, dilin tarixi-mədəni qatlarını araşdırmışdır.

Jurnalistika fəaliyyəti illərində, jurnalistika təcrübəsi onun dil duyumunu daha da zənginləşdirmiş, sözün insan taleyi ilə təmasında daha dərindən iştirak etməsini təmin etmişdir. Bütün bu elmi nəticələr onun vətən sevgisinə, xalqına olan sədaqətli məhəbbətindən doğan enerjidən qaynaqlanıb desək, yanılmarıq. Maral Taqanova gənc alimlər üçün ustad, tələbələr üçün isə müəllim və ilham mənbəyidir. Onun pedaqoji fəaliyyəti yalnız dərs demək deyil, gəncləri tədqiqatlara həvəsləndirmək, analitik düşüncəni öyrətməkdir. Onun bu xidmətləri həmkarları tərəfindən yüksək qiymətləndirilir, beynəlxalq türkologiya mühitində tanınmasına səbəb olmuşdur.

Şəxsi keyfiyyətlərinə görə səmimi, açıq, cəsarətli, məsuliyyətli və zərifdir. Əmək göstəriciləri onun ətrafında yaradılmış elmi mühit tələbələr və gənc aspirantlar üçün həm bilik, həm də dəyərlər məkanıdır.

Maral Taqanova Məhtimqulu Fəraqi irsinin öyrənilməsi və təbliğinə xüsusi diqqət göstərmişdir. Onun rus dilinə filoloji tərcümələri türkologiya və ədəbiyyat mühitində yüksək qiymətləndirilmişdir. Bu xidmətlərinə görə 2024-cü ildə yubiley nişanı almışdır.

Onun elmi irsi 200-dən çox məqalə, monoqrafiya, tezis və tərcümələrdən ibarətdir. Tədqiqatları dilçilik, türkologiya, leksikoqrafiya və tərcümə nəzəriyyəsində nümunəvi işlərdir. Maral Taqanova gənc alimlərin yetişdirilməsində, milli irsin qorunmasında və elmin inkişafında misilsiz rol oynayır.

Türkmənistan Elmlər Akademiyası Milli Əlyazmalar İnstitutunun Leksikoqrafiya, Terminologiya və Dil Mədəniyyəti şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Taqanova Maral Annayevnanın elmi əsərlərinin siyahısına nəzər saldıqda zəngin bir salnamə ilə rastlaşmaq olur. Bu siyahıda elm və ədəbiyyat, dil və onun türkoloji tarixinə, ayrı-ayrı klassiklər, folklor tarixinə, ədəbi mühitə həsr olunmuş elmi tədqiqat əsərlərinin  - jurnallardakı, elmi konfranslardakı tezisləri,  tərcümə və redaktə etdiyi kitablarının adlarını görürük. Eyni zamanda Maral xanımın jurnalistlik fəaliyyətinin xronikası ilə tanış oluruq: “Hacı Bektaş Vəli, Yunus Əmrə və Məhtumqulu Firaqi”, “Qaracaoğlanın Söz İstifadəsi Ustalığı”, “Söz Yaratmanın tədrisi tarixindən”, “Bir daha Məhtumqulu peyğəmbərliyi haqqında”, “Baxşı dünyasının söz dünyasından”, “Çənlibeldən Göroğlu”, “Xalq ənənələri və ritualları”, “Molla Nəfəsin poeziyası səltənəti”, “Məhtimqulu şeirlərinin rus dilinə tərcümələri”, “Novruzun parlaq bayramı”, Məhtimqulu əsərlərinin türk dillərinin tədqiqində əhəmiyyəti”, “Nurmuhəmməd Amanməhəmməd (anadan olmasının 85-ci ildönümünə)”, “Məna babanın yaradıcılığı və müasir elm”, “Molla Nəfəsin eşq dünyası”, “Yunus Əmrənin əsərləri – türkmən dilinin tarixi mənbəyi”, “Göroğlu”  dastanı – türkmən dilinin əsas mənbəyi kimi”, “Tərcümə sənətinin şah əsəri”, “Yunus Əmrənin əsərləri türkmən dilinin tarixi qaynağı”, “Qaracaoğlanın söz istifadəsində ustalığı”, “Kutadqu Bilik" əsərinin tərcümələri”, “Mənə Babanın yaradıcılığı və müasir elm”, “ Türkmənistanda ədəbi turizm” və sair. Hər sərlövhənin arxasında dərin bir tədqiqatçı əməyini hiss etmək çətin deyil.

Beləliklə, yekun olaraq, bütün bunların cəmində görkəmli tədqiqatçı alimin bir vətəndaş, böyük elm xadimi və ustad qələm təcrübəsi olan jurnalist kimi yaddaşlara köçür. Maral Taqanova yalnız türkmən dilçiliyi üçün deyil, bütün türkoloji elmi aləm üçün simvolik şəxsiyyətdir. Onun ömür yolu göstərir ki, elm təkcə bilik toplamaq deyil, həm də xalqın ruhunu və mədəniyyətini yaşatmaqdır.

Bu yubiley məqaləsi həmkar dostumun təbriki kimi təqdim olunur. Maral Taqanova sözün, elmin və insani dəyərlərin parlaq işığı olaraq 65 illik zəngin həyat yolunu davam etdirir və gələcək nəsillər üçün də nümunəvi sima olacaq. Təbrik edirəm, əziz və qiymətli dostum Maral xanım!

Almaz Ülvi BİNNATOVA,
Filologiya elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri, TürkSOY-un “Məhtimqulu Fəraqi - 300” yubiley medalının mükafatçısı Özbəkistan Respublikasının “Dostluq” ordeni mükafatçısı