Dövlət başçısı İlham Əliyevin bu fikirləri Ümummilli Lider Heydər Əliyevin «Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var» çağırışının davamı kimi dəyərləndirilir
«Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.» Dövlət başçısı İlham Əliyevin bu fikirləri cəmiyyətin avanqard qüvvəsinə çevrilən, milyonların sevgisini qazanan, Azərbaycanın müstəqillik tarixinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən amillərin, eyni zamanda, partiyanın 33 ildə keçdiyi çətin və şərəfli yolun aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev, həmçinin bu məqamı da xüsusi qeyd edir ki, Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yarandı. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdı və dövlətin ağır problemlərinin bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli ziyalılarının məhz Ulu Öndər Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Təkcə senzuranın tətbiq edilməsini yada salsaq, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də bununla bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Sənayenin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət. Torpaqlarımızın işğal altına düşməsi vəziyyətimizi daha da ağırlaşdırırdı.

Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu sənəddə həmin dövrün reallıqları və onlardan xilas olmağın yolu öz əksini tapmışdı. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli Lider Heydər Əliyev müraciətə cavabında bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.»
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyası ötən 33 ildə sadiq qaldığı siyasəti ilə milyonların partiyası olduğunu sübut etdi. Ulu Öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış qüdrətli təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi, müstəqilliyimizin təminatçısı kimi də etimadı doğrultdu. Müstəqilliyimizin ilk illərində hakimiyyəti qanunsuz olaraq zəbt edən AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərlərinin yaratdığı xaosdan fərqli olaraq yalnız xalqı ətrafına toplamaqla müstəqilliyimizin əbədiliyi naminə fəaliyyətə başlayan YAP iqtidar partiyası kimi xalqa bələdçilik edərək ölkədə sabitliyin bərpası, iqtisadi böhranın aradan qaldırılması üçün bütün qüvvələri səfərbər etdi. «Yeni, müstəqil Azərbaycan uğrunda!» şüarı ilə fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyasının qəbul olunan Nizamnaməsi, təsdiqlənən Proqramı həmin dövrün reallıqlarını özündə əks etdirməklə yanaşı, gələcək üçün müəyyənləşdirilən hədəfləri və onların icra mexanizmlərini açıqladı. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan, milli məfkurənin, təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərən partiyanın lideri Heydər Əliyevin şəxsi nüfuzu, xalq arasında qazandığı etimad və hörmət insanlarda bu partiyatın gələcəyinə inamı artırdı. Yeni Azərbaycan Partiyası illərin sınağından uğurla çıxdı, hazırda təkmilləşir, sıraları günbəgün genişlənir. YAP əqidəsinə sadiq mübarizlərin təşkilatı olduğunu arxada qalan illər ərzində əməli işi, ölkədə aparılan quruculuq işlərindəki fəaliyyəti ilə təsdiqləyib.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Qlu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ümummilli Lider partiyanın gələcəyinə daim böyük inamla yanaşıb. Onun «YAP dünənin, bu günün və gələcəyin partiyasıdır» fikri də bu inamdan və etimaddan irəli gəlirdi. Ulu Öndər Heydər Əliyev bu inamını, həmçinin «Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir» fikirləri ilə ifadə edərək onu da əlavə etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yaşamaq, yaratmaq hüquqi əldə edibdir. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaqdır.
Ümummilli Liderin böyük inamla səsləndirdiyi bu fikirlər hazırda reallıqda öz əksini tapıb. YAP yarandığı gündən xalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətinin əsasına çevirdi. Sözlə əməlinin birliyi, populizmdən uzaqlığı bu siyasi qüvvənin cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır.
Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli yol Azərbaycanın müasir tarixinin ən önəmli hadisələri sırasındadır. Qeyd etdiyimiz kimi, YAP nəinki Azərbaycan tarixində, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biridir. Bu fikrin təsdiqi YAP-ın yarandıqdan az sonra iqtidar partiyası kimi fəaliyyətə başlamasıdır. Ötən 33 il Yeni Azərbaycan Partiyasının həyatında Azərbaycan xalqına xidmət kimi səciyyələnir. Eyni zamanda, 33 ilin təcrübəsinə əsaslanaraq bu reallığı da böyük fəxr hissi ilə qeyd edirik ki, ötən müddət ərzində ölkəmiz qarşıya qoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib. Azərbaycanın siması dəyişib. Azərbaycanı bölgədə və dünyada yerini və rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi qeyd edilir. 33 illik yolun aydın mənzərəsini yaradan ən möhtəşəm və qürurverici uğurumuz, təbii ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan bu gün yaratdığı yeni reallıqları ilə dünyanın diqqətindədir.
Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib. Qeyd etdiyimiz kimi, bu gün partiyanın sıralarında 750 mindən artıq üzv birləşib. Yeni Azərbaycan Partiyasının sıralarında bu qədər insanın birləşməsi təbii ki, Heydər Əliyev ideyalarına sədaqətin, həmçinin cənab İlham Əliyevin siyasətinə inamın və bu siyasətin həyata keçirilməsində iştirak etmək istəyinin göstəricisidir. Yeni Azərbaycan Partiyası ölkədəki siyasi ab-havanın ifadəsidir. Bu gün ölkədə hər hansı siyasi hadisə Yeni Azərbaycan Partiyasının iradəsindən kənarda mövcud ola bilməz. Yeni Azərbaycan Partiyasının fəaliyyəti, mövcudluğu Azərbaycanda sabitliyin təməl prinsiplərindəndir. Tutduğu yola sadiqliyinə əsaslanaraq bu fikri böyük inamla qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının tarixinə yeni-yeni şanlı səhifələr yazılacaq. Azərbaycan vətəndaşları 33 ilin uğurlarına əsaslaraq bu inamı da ifadə edirlər ki, YAP-ın fəaliyyəti Azərbaycanda sabitlik, əmin-amanlıq, tərəqqi, Azərbaycanın maraqlarının qətiyyətlə qorunması, müdafiəsi, ölkəmizin müasirləşməsi, yeniləşməsi, dünya birliyində özünə layiq yer tutması deməkdir.
Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dayandı. Heydər Əliyev yolunun uğurları davamlılığı ilə diqqətdədir. Ulu Öndər 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünkü reallıqların əsasını qoydu. Dahi şəxsiyyət cənab İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük inam bəslədiyini bildirdi. Bu çağırış xüsusi qeyd edildi ki, Onun axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev axıra çatdıracaqdır. Təbii ki, burada söhbət işğal altında olan torpaqlarımızın azad edilməsindən, Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçldilməsindən gedirdi. Çünki Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Zəfərə qovuşması üçün elə bir Azərbaycan yaratmışdı ki, onun qalibiyyətə imza atacağı heç kimdə şübhə doğurmurdu. Azərbaycan hər bir sahədə möhtəşəm uğurlara, təcrübəyə malik oldu. Zəfərimizi şərtləndirən bütün zəruri addımlar atıldı. Diplomatik mübarizədə qələbəmizi təmin etmək üçün real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatımızı uğurla davam etdirdik. Təbii ki, bütün bu hədəflər Yeni Azərbaycan Partiyasının «Yeni, müstəqil Azərbaycan uğrunda!» çağırışını özündə ehtiva edən Proqramında da əksini tapmışdır. Ümumilikdə ölkədə keçirilən seçki prosesləri partiyanın dövrün tələblərinə uyğun olaraq dəyişən şüarlarının təqdimatı oldu. Həmin seçkilərin çağırışları «Yeni hədəflərə doğru!», «İlhamla irəli!», «Biz birlikdə güclüyük!» kimi məqamları əks etdirdi.
2003-cü ildə xalqın 76, 84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımızın, dövlətimizın gələcəyi naminə gördüyü işlərin, göstərdiyi misilsiz xidmətlərin aydın ifadəsidir: «Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.»
Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas edib bugünkü reallıqlarına yol açan Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin miqyası bu fikri böyük inamla və qətiyyətlə ifadə etməyimizə əsas yaradır- Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır.
YAP-ın yaranmasından və qısa müddətdən sonra iqtidar partiyasına çevrilməsindən ötən müddətdə Azərbaycan sabitlik diyarı kimi nüfuz qazandı. Bu sabitlik, eyni zamanda, onun əsas yaratdığı biznes imkanları Azərbaycana investisiya axınını sürətləndirdi. 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə yaşayır. Bu xoşbəxtliyi davamlı edən açar isə Ulu Öndər Heydər Əliyevin 2003-cü il prezident seçkiləri ərəfəsində xalqa müraciəti oldu. Populizmə deyil, reallıqlara yüksək dəyər verən xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımızı şərtləndirdilər. Prezident İlham Əliyevin 2003-cü il seçkilərindən sonra keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.»
Ölkə Prezidenti İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Son 22 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. «Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik» söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
Cənab İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi «Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik» proqram xarakterli bu fikirlər növbəti illərdə görüləcək işlərin aydın mənzərəsini yaratdı. Dövlət başçısı İlham Əliyev bu reallıgı da qeyd etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Ölkənin iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək mümkündür. İqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Cənab İlham Əliyev «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək, bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. 2003-cü ildən ötən 22 ildə regionların, eyni zamanda, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət proqramları icra edildi.
Bu gün əminliklə qeyd edirik ki, dünyada nadir Azərbaycan inkişaf modeli var. Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Tarixi Zəfərə, suverenliyimizin tam bərpasına imza atan Azərbaycan bu günlərdə Zəfərinin beşinci ildönümünü biri-birindən möhtəşəm uğurların fonunda qeyd etdi. Artıq Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Bu gün 6 şəhərin, 2 qəsəbənin və 20-dən artıq kəndin sakinlərinə qovuşması Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü möhtəşəm nailiyyətlər, böyük uğurlarla qeyd edən Azərbaycan yalnız müstəqilliyinin bərpasının deyil, ümumiyyətlə, tarixinin ən qüdrətli dövrünü yaşamaqla bərabər, həm də ən möhtəşəm Zəfərinə müəlliflik edir. Bu Zəfərin memarı, böyük nailiyyətlərin səbəbkarı isə cənab İlham Əliyevdir.
YAP-ın Azərbaycanın uğurlarında öz payı, rolu vardır. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Prezident İlham Əliyev partiyanın yeni Sədri seçildi. Ötən bu dövr ərzində partiya Azərbaycanın hər bir hədəfə yüksək səviyyədə nail olması üçün səylərini daha da artıraraq, milyonların partiyası olduğunu nümayiş etdirib. Bunu ölkədə keçirilən seçki proseslərində partiyanın qələbəsi də təsdiqləyir.
Tarixi Zəfərimiz partiyanın fəaliyyətində də təkmilləşməni, yeniləşməni bir zərurət kimi qarşıya qoydu. Yeni Azərbaycan Partiyası Zəfərin reallıqları fonunda VII qurultayını keçirdi. Qurultayda yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıdakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaratdı. Daim yeniləşməyə, təkmilləşməyə maraqlı olan YAP ölkədə baş verən islahatlar prosesinin bütün sahələrdə öz əksini tapması üçün səylər göstərir. Bu, özünü partiyanın qəbul etdiyi qərarlarda, irəli sürdüyü təşəbbüslərdə aydın şəkildə nümayiş etdirir. Partiyanın qurultaylarında qəbul olunan qərarların həm öz fəaliyyətində, həm də ölkəmizin həyatında müsbət dəyişikliklərə yol açdığını nəzərə alsaq VII qurultayın tarixi hadisə kimi dəyərləndirilməsi də özündə bir çox məqamları ehtiva etdi. 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşdı.
YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında duran yeni vəzifələri müəyyən etdi. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.
Dövlət başçısı İlham Əliyev partiyanın VII Qurultayında müasir tələbləri özündə əks etdirən yeni Proqramın hazırlanmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bütün müasir tendensiyaları və regionda yaranmış yeni reallığı nəzərə alan yeni Proqram «Biz birlikdə güclüyük!» çağırışını özündə əks etdirir. Yeni Proqram YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edildi. Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir: “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”.
Şübhəsiz, 33 ilin uğurlarını, keçilən şərəfli yolu bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Amma əsas olan budur ki, Azərbaycan dövləti, hakim Yeni Azərbaycan Partiyası əldə edilən uğurlarla kifayətlənmir, daim irəli baxır. İqtidar partiyası kimi ictimai rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında da aparıcı siyasi qüvvə kimi öndərliyini əməli fəaliyyəti ilə doğruldur. Dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP, fəaliyyətini xalqın istək və arzularına uyğun müəyyənləşdirir. Azərbaycan daha da qüdrətlənməli, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, davamlı inkişaf əsas prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu Öndərin siyasi məktəbini davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə bildirdi.
Yeni Azərbaycan Partiyasının yaranmasını müasir siyasi sistemin formalaşması, təkmilləşməsi kimi dəyərləndirən və gələcəyə böyük ümid yaradan partiyanın keçdiyi yola nəzər salan Prezident, YAP Sədri İlham Əliyevin bildirdiyi kimi, təşkilatın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir. Dövlətimizin başçısı partiyanın VII qurultayında bu reallığı da diqqətə çatdırdı ki, YAP bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.
Yeganə Əliyeva, "İki sahil"