ABŞ-a məxsus "Challenger" hərbi kəşfiyyat təyyarəsi Qara dəniz üzərində mürəkkəb manevrlər həyata keçirib və Rusiya sərhədlərinə yaxınlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.
Məlumata görə, kəşfiyyat təyyarəsi Rumıniya bazasından havaya qalxıb və bir neçə saat beynəlxalq hava məkanında qalaraq sanki nəyisə diqqətlə izləyib.
Uçuş məlumatlarına görə, təyyarə Rusiyanın nəzarəti altında olan Krıma təxminən 60 mil məsafədə yaxınlaşıb. Daha sonra şərqə, Soçiyə doğru istiqamət alıb.
Təyyarənin marşrutu Moskvadakı bir neçə vacib hərbi obyektin yaxınlığından keçib. Təyyarə qabaqcıl yerüstü skan radarı və siqnal aşkarlama texnologiyası ilə təchiz olunub. Onun əsas missiyası rabitəni ələ keçirmək və silahlı qüvvələrin hərəkətlərini real vaxt rejimində izləməkdir.
Nəşr qeyd edir ki, baş verənlər ABŞ-ın yeni eskalasiyaya hazırlaşa biləcəyi ilə bağlı qızğın iddialara səbəb olub.