Bakı Dövlət Universiteti (BDU), Özbəkistanın Mirzə Uluqbəy adına Milli Universiteti, Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti və D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə dördtərəfli anlaşma memorandumu imzalanıb. BDU-nun rektoru Elçin Babayev, Özbəkistan Milli Universitetinin rektoru İnom Macidov, Atırau Neft və Qaz Universitetinin rektoru Gulzada Şakulikova və D. Serikbayev Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru Saula Rahmatullina tərəfindən imzalanan memorandum universitetlər arasında qarşılıqlı etimad, bərabər hüquqlar və səmərəlilik prinsipləri əsasında əməkdaşlığı rəsmi şəkildə təsdiqləyir.
BDU-dan “İki sahil”ə verilən məlumata görə, memorandum çərçivəsində tərəflər birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və nəticələrinin nəşri, tələbə, tədqiqatçı, akademik və inzibati heyət üçün akademik, elmi və mədəni mobilliyin təşviqi, məlumat və bilik mübadiləsinin açıq şəkildə aparılması, həmçinin müxtəlif sahələrdə birgə akademik və inzibati mübadilələrin təşkili istiqamətlərində fəaliyyət göstərəcəklər. Tərəflər əməkdaşlığın regional ali təhsil və elmi-tədqiqat sahələrində əlaqələri dərinləşdirmək üçün mühüm bir addım olduğunu vurğulayıblar. Gələcəkdə atılacaq addımlar nəticəsində təcrübə və resursların paylaşılması sayəsində universitetlər akademik mükəmməlliyi artıracaq, innovasiya və mədəni anlaşmanı gücləndirəcək.
Memorandum həmçinin davamlı və uzunmüddətli əməkdaşlıq üçün ortaq baxışın nümayişi olaraq, tələbələr, müəllimlər və geniş akademik ictimaiyyət üçün əhəmiyyətli faydalar yaratmağı hədəfləyir.