18 noyabr 2016 21:46
3746

SOCAR orta məktəb şagirdlərinin peşə təhsilinə həvəsləndirilməsi prosesinə dəstəyini davam etdirir

Noyabrın 17-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, SOCAR-ın İnsan Resursları Departamenti və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə Almaniyanın “SEQUA” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilində verə biləcəyi dəstək” layihəsi çərçivəsində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində Məktəb-Lisey Kompleksinin 8, 9, 10-cu sinif şagirdləri üçün peşə təhsilinə marağın artırılması üzrə ekskursiya keçirilmişdir.Şagirdlərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə giriş təlimatı verildikdən sonra TTSİ-nin fəaliyyəti və təlim mərkəzləri ilə bağlı video-çarx təqdim olunmuş, SOCAR-da peşə təhsili almış şəxslər üçün mövcud olan iş imkanlarından bəhs edilmişdir. Qeyd olunmuşdur ki, İnsan Resursları Departamenti tərəfindən tam obyektiv və şəffaf şəkildə təşkil edilən imtahanlarda iştirak etməklə SOCAR-ın təlim mərkəzlərinə qəbul olmaq mümkündür. Şagirdlərə məlumat verilmişdir ki, SOCAR-ın təlim mərkəzlərində peşəyə yiyələnmə müddətində tələbələr aylıq təqaüd, xüsusi geyim, gündəlik naharla təmin edilirlər. 

Daha sonra şagirdlər emalatxana və təlim otaqları ilə tanış olmuş, “elektrik qaz qaynaqçısı”, “plastmas qaynaqçısı”, “nasos qurğularının maşinisti”, “elektrik montyoru”, “nəzarət ölçü cihazları üzrə çilingər”, “defektoskopçu”, “təmirçi çilingər”, “qazla kəsən” peşələrinin qaydaları, prinsipləri və peşə üstünlükləri barədə məlumat almışlar. Sonda ekskursiya iştirakçıları layihənin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Peşə təhsilinə dəstək və məşğulluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş layihənin dövlətimizə fayda verəcəyinə əminlik ifadə olunmuşdur. 

Layihə çərçivəsində dekabr ayının sonuna kimi daha altı orta məktəbin şagirdləri üçün də analoji ekskursiyalar təşkil olunacaqdır.