27 noyabr 2025 09:20
68

Rusiyalı politoloq: Bakıda keçirilən tədbirlər "Şimal–Cənub" dəhlizində əməkdaşlığı gücləndirir

Noyabrın 26-da Bakıda regional və beynəlxalq əhəmiyyət daşıyan bir sıra mühüm hadisələr baş verib. Belə ki, nəqliyyat sahəsində strateji qərarların qəbul edildiyi, yüksək səviyyəli görüşlərin keçirildiyi və gələcəyə yönəlik genişmiqyaslı planların müzakirə olunduğu tədbirlər reallaşıb. Ən önəmli hadisələrdən biri Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının məhz Bakıda keçirilməsi olub. Bu, Azərbaycanın regionda mühüm nəqliyyat mərkəzi kimi artan rolunun göstəricisi sayılır və iclasa MDB məkanında ciddi diqqət yönəldilib.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı politoloq Dmitri Solonnikov söyləyib.

O, bildirib ki, tədbir çərçivəsində Azərbaycan, Rusiya və İran arasında “Şimal–Cənub” nəqliyyat dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandum üç ölkə arasında uzunmüddətli əməkdaşlığın möhkəmlənməsinə və marşrutun qərb istiqamətində effektivliyinin artırılmasına xidmət edir.

Görüşlər zamanı tarif siyasətinin razılaşdırılması və bütün iştirakçılar üçün vahid kompleks tarif sisteminin formalaşdırılması üzrə mexanizmlər müəyyənləşdirilib. Bu addım “Şimal–Cənub” dəhlizinin qərb qolunda yükdaşımaların həcminin artırılmasına şərait yaradacaq. Yaxın perspektivdə Rusiya–Azərbaycan tranzit xətti üzrə yük dövriyyəsinin ilk mərhələdə 5 milyon tona, sonrakı mərhələdə isə 15 milyon tona çatdırılması hədəflənir.

Onun sözlərinə görə, bu proses ticarət əlaqələrinin genişlənməsinə, avadanlıq və malların daha sürətli daşınmasına imkan yaradacaq. Yük axınları həm şimaldan cənuba, həm də cənubdan şimala doğru artmaqdadır ki, bu da iştirakçı ölkələr üçün iqtisadi baxımdan əlverişlidir.

"Paralel olaraq dəmir yolu infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu tədbirlər Azərbaycanın həm Rusiya, həm də İranla sərhəd bölgələrini əhatə edir və məqsəd vahid, sürətli və effektiv nəqliyyat sisteminin formalaşdırılmasıdır. Bu isə təkcə region üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət daşıyır.

Tədbirlər çərçivəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak arasında keçirilən görüşlər də xüsusi əhəmiyyət kəsb edib. Bu danışıqlar hökumətlər və nəqliyyat strukturları səviyyəsində əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Bununla yanaşı, “Şimal–Cənub” dəhlizinin qərbə doğru genişləndirilməsi, yəni Zəngəzur dəhlizi vasitəsilə Ermənistan istiqamətində çıxış məsələsi də müzakirə olunub. Mövcud nəqliyyat xətləri üzərindən Ermənistanla yükdaşımaların aparılması imkanları müsbət qiymətləndirilib.

Əsas marşrut Rusiyanın şimal limanlarından başlayaraq Azərbaycan və İran üzərindən Fars körfəzinə və Hind okeanına çıxışı nəzərdə tutur. Buradan isə Afrika, Hindistan və Cənub-Şərqi Asiya bazarlarına yol açılır. Alternativ qol isə Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyə üzərindən Aralıq dənizinə çıxışı təmin edir və gələcək üçün perspektivli marşrut kimi dəyərləndirilir",- deyə o vurğulayıb.

Politoloq əlavə edib ki, Bakıda keçirilən tədbirlər son dərəcə məhsuldar olub. Aparılan danışıqlar və əldə olunan razılaşmalar regionda nəqliyyat və logistika sahəsində yeni imkanlar açır. Proseslər dinamik şəkildə davam edir, inkişaf tempi zəifləmək əvəzinə daha da güclənir və gələcəyə nikbin baxış formalaşdırır.