28 noyabr 2025 12:27
256

Vəkillik peşəsinə ölkədə çox böyük maraq var

Son illər ərzində Vəkillər Kollegiyasına qəbul mütəmadi olaraq həyata keçirilir. Vəkillik peşəsinə ölkədə çox böyük maraq var. Əslində müqayisə onu göstərir ki, hüquqşünasların ən çox maraq göstərdiyi peşə vəkillik peşəsidir.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, bununla belə ölkədə vəkillərin sayı azdır: “Avropa ölkələri ilə müqayisədə Azərbaycanda adambaşına düşən vəkillərin sayı azlıq təşkil edir. Ən azından regionla müqayisədə bu belədir. Qardaş Türkiyə, Gürcüstanda vəkillərin sayına baxanda, hər 100 nəfərə düşən vəkillərin sayına görə yenə də ölkəmizdə vəkillərin sayı kifayət etmir. Məqsədimiz odur ki, getdikcə bu disbalans aradan qalxsın. Hazırda ölkəmizdə 2800-ə yaxın vəkil fəaliyyət göstərir. İlin sonuna kimi biz növbəti vəkilləri qəbul edəcəyik. Gələn il bu rəqəm 3 mini ötəcək. Hər il orta hesabla 350 nəfər vəkilliyə qəbul olunur”.

A.Bağırov qeyd edib ki, vəkilliyə qəbul prosesi bir neçə mərhələdən ibarətdir: “Həm yazılı imtahan, şifahi müsahibə, Ədliyyə Akademiyası ilə birgə təşkil etdiyimiz təlimlər keçirilir ki, orada da faydalı, səmərəli iş görülür. Nəticə etibarilə imtahanlarda iştirak edən bütün namizədlər vəkil olmurlar. Bu il 800 nəfərdən çox namizəd vəkillik imtahanlarına qoşulub. Bu kifayət qədər yüksək rəqəmdir. Bununla belə ölkədə hüquqşünas məzunların azlığı kadr qıtlığına gətirib çıxarır. Məzunlar özəl sektorda, eləcə də dövlət sektorunda fəaliyyət göstərir. Ölkəmizdə həm özəl, həm dövlət sektorunda hüquqşünaslara tələbat böyükdür”.