Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, mətndə deyilir:
"Əziz Qardaşım,
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin qətiyyətli liderliyiniz altında ölkədə aparılan irimiqyaslı quruculuq işlərini, möhtəşəm və nümunəvi inkişafı görməkdən böyük sevinc duyuruq. Bütün bunlar Sizin çoxşaxəli fəaliyyətinizin, müdrik rəhbərliyinizin, Vətənə və xalqa yorulmadan göstərdiyiniz xidmətin bəhrəsidir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr xalqlarımız arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimada, anlaşmaya və dəstəyə əsaslanır. Ötən dövr ərzində bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə çatması məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, görüşlər, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Sentyabr ayında Sizin Azərbaycana rəsmi səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına yeni təkan vermişdir. Səfər çərçivəsində imzalanmış bir sıra sənədlər, xüsusilə də "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" dövlətlərarası əlaqələrimizi daha yüksək pilləyə qaldırmış, əməkdaşlığımızın ənənəvi sahələri ilə yanaşı yeni istiqamətlər üzrə də birgə fəaliyyətimizi genişləndirmişdir. Eyni zamanda səfər zamanı işğaldan azad olunmuş Qarabağ regionunu ziyarət etməyiniz xüsusi rəmzi məna daşıyır və biz bunu qardaşlığımızın və həmrəyliyimizin bariz nümunəsi olaraq dəyərləndiririk.
Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir. İqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim firavanlıq və rifah arzulayıram".