03 dekabr 2025 08:33
127

FTB Epşteynin işi ilə bağlı çox material açıqlamaq istəyir

ABŞ Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosu (FTB) uşaqlara təcavüzdə təqsirli bilinən və daha sonra intihar edən maliyyəçi Cefri Epşteynin işi ilə bağlı mümkün qədər çox materialı açıqlamaq imkanını axtarmağa davam edir.

“İki sahil” xəbər verir ki,  bu barədə FTB direktoru Keş Patel "Fox News" telekanalına müsahibəsində bildirib.

"Hazırkı rəhbərlik altında FTB Konqresə 40 000 səhifə göndərib. Müqayisə üçün, əvvəlki FTB direktoru Kristofer Rey yeddi il ərzində 13,000 səhifə, keçmiş FTB direktoru Ceyms Komi isə 3,000 səhifə ötürüb. Biz qanuni olaraq mümkün qədər və məhkəmə qərarları ilə qadağan olunmayan çox sayda sənədi təqdim edirik. Ədliyyə Departamenti hələ də qanunu pozmadan hər şeyi azad etmək üçün məhkəmələrdə qanuni tədbirlər görür. Biz bunu davam etdirəcəyik", - deyə o bildirib.

Epşteyn 6 iyul 2019-cu ildə həbs edilib. Nyu-York ştatının Prokurorluğu iddia edib ki, o, 2002-2005-ci illərdə Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qız gətirib, onlardan ən kiçiyi 14 yaşında olub. Onun tanışları arasında keçmiş dövlət başçıları, iş adamları və məşhurlar da daxil olmaqla, ABŞ-dən və xaricdən çoxsaylı nüfuzlu şəxslər olub. 10 avqust 2019-cu ildə Epşteyn həbsxanada intihar edib və bundan sonra cinayət işi dayandırılıb.