03 dekabr 2025 10:46
90

Xəyanətin ömrü uzun olmur...

    Azərbaycan güclü, hüquqi, tolerant bir dövlət kimi tanınır. Bunun nəticəsidir ki, dünya dövlət­lə­ri Azərbaycanla ikitərəfli, çoxtərəfli münasibətləri genişləndirir. Azərbaycan indi demokratik, siya­si baxımdan sabit bir dövlət kimi dünyəvi siyasətin ehtiram göstərilən dövlətlərindən biridir.

Azərbaycan dünya dövlətlərinin bu münasibətləri ilə əhatələnib. Bəs Azərbaycanda? Xüsusi xidmət orqanları müəyyənləşdirdi ki, Azərbaycana qarşı aparılan siyasi təxribatlar həm də Azər­bay­canda, milli mənsubiyyəti sənədlərlə azərbaycanlı kimi müəyyənləşdirilən Azərbaycan vətəndaşları tərəfindən planlaşdırılır, imkan düşəndə həyata keçirilməyə hazırlanır. Uzun illər gənc Azərbaycan dövlətinin siyasi söz sahiblərindən biri kimi tanınan, dövlət siyasətinin istiqamətlərini müəyyən­ləşdirməyə meyilli olan Ramiz Mehdiyevin gerçək fəaliyyəti aşkarlandı. Çox “nələrsə” təsdiqləndi. Sərhədin o üzündə hazırlanan siyasi “nələrə” rəhbərlik kimi bir fəaliyyət dövlətə xəyanət deyil, bəs nədir?

Xüsusi xidmət orqanları xəyanətin digər klanlarını da müəyyənləşdirib. AXC dövründə böyük dövlət vəzifəsi daşıyan birinin bu gün hakimiyyəti zorla ələ keçirmə,  dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər  ittihamı ilə suçlanması (əsaslandırılmış suçlardır) təkcə bu xəyanət yiyəsi olan Əli Kərimli üçün deyil, həm də dövlətin dünənləri üçün böyük utancdır. Bir atalar sözünü xatırlayıram: “Dəli utanmaz, yiyəsi utanar”.  Rusiya xüsusi xidmət orqanları ilə əmək­daşlıq edən Əli Kərimlinin ən yaxın tərəfdaşlarından biri Saleh Rüstəmlidir. O, Rusiya xüsusi xid­mət orqanları ilə sıx əməkdaşlıq edir, həmin qurumların məlumatlarını Əli Kərimliyə ötürür. Bu da Azərbaycana qarşı siyasi təxribat deməkdir.  Ramiz Mehdiyevin Moskvaya ünvanladığı məktubun redaktə olunmuş variantı Əli Kərimlinin evindən tapılıb. Ramiz Mehdiyev Əli Kərimlidən öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib, Əli Kərimli isə onun inzibati və maliyyə resurs­la­rından yararlanıb...

Moskvada yaradılan “Milyarderlər İttifaqı”, onun davamı olan digər hüquqi olamayn təyinatlar ümumilikdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş cəhdlər idi...

Bü gün siyasi müstəvidə bütün reallıqlar üzə çıxır. Uzun illər “ideoloji ata” rolunu oynayan Ramiz Mehdiyevin, siyasi dönüklər olan Əli Kərimlinin, Gültə­kin Hacıbəylinin və Cəmil Həsənlinin “eyni yolun yolçuları” olması təkzibedilməz həqiqətlərdəndir.  Siyasi təhlillər təsdiqləyir ki, onlar mahiyyət baxımından eyni cinayətin müxtəlif çalarlarının icra­çıları olublar.

Ramiz Mehdiyev nə etmək istəyirdi?  Azərbaycanın sabitliyini pozmaq, ölkənin dinamik inki­şafını ləngitmək,  ictimai rəyi dövlətçiliyə dogma münasibətdən uzaqlaşıdırmaq, … Ramiz Mehdi­yevin siyasi əməldaşları nə etmək istəyir? Azərbaycan dövlətçiliyinə zərbə vurmq. Bunların nəticəsi­dir ki, xalqına və dövlətinə xəyanət edən, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Meh­diyevin işi ilə əlaqəli DTX tərəfindən AXCP-nin sədri Əli Kərimlinin, onun müşavirinin və digərlərinin dindirilməyə cəlb edilməsi dövləti, dövlətçiliyi sevənlərə bir gerçəkliyi də yaşadır: Xəyanətin ömrü uzun olmur...

Azərbaycan ictimaiyyəti xəyanət şəbəkəsinin digər üzvlərinin də qanunun aliliyi və dönməzliyi ilə ittiham olunacaqlarına zərrəcə şübhə etmir...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı