Dekabrın 3-də Sosial Tədqiqatlar Mərkəzində (STM) Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin yubiley mərasimindəki çıxışı Vətən müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı qalibiyyət ruhunu alimlərlə bölüşmək və elmi hədəflərə yönəltmək məqsədini daşıyıb. Prezident çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyi, tarixi və mədəni irsin təbliği, süni intellekt, kibertəhlükəsizlik, sənaye və hərbi sənayenin inkişafı, bərpaolunan enerji və geoloji kəşfiyyat sahələrinə diqqət çəkilib. Dövlətimizin başçısı, həmçinin tariximizin elmi əsaslarla öyrənilməsi və toponimlərin qorunmasının əhəmiyyətini qeyd edib.
Daha sonra Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ADA Universitetinin Dövlət idarəçiliyi və akademik məsələlər üzrə prorektorun müavini Anar Vəliyev, Təhsil Problemləri İnstitutunun direktor müavini Fuad Çıraqov, UNEC-in Elm Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev və digər ekspertlər çıxış ediblər.
Vurğulanıb ki, elmi fəaliyyət gənc tədqiqatçılar üçün həm bilik mənbəyi, həm də milli inkişafın aparıcı dayağıdır. Prezident İlham Əliyevin alimlərə ünvanlanan çıxışı bütün tədqiqatçılar üçün daimi istinad nöqtəsi olmalıdır.
Çıxışlarda elmin inkişafı, təhsil inteqrasiyası, beyin mərkəzlərinin rolu, qlobal təhlükəsizlik çağırışları, dövlət idarəçiliyinin akademik əsasları və yeni tədqiqat istiqamətləri kimi mövzular geniş müzakirə olunub.
Tədbir ekspert müzakirələri və sual-cavab sessiyası ilə davam edib.