BSU-nun rektoru Marmara Universitetində "Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi" mövzusunda mühazirə ilə çıxış edib
Dekabrın 2-də Bakı Slavyan Universitetinin(BSU) " Konstitusiya və Suverenlik İli " üzrə Fəaliyyət Planına uyğun olaraq BSU-nun rektoru Anar Nağıyev Türkiyə Respublikasının Marmara Universiteti Türkiyyat Araşdırmaları İnstitutunda tələbələr qarşısında " Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi " mövzusunda mühazirə ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, rektor Anar Nağıyev mühazirəsində coğrafiyanın, siyasi tarixin və geosiyasətin dövlətlərin taleyində oynadığı həlledici roldan danışıb. O, Prezident İlham Əliyevin çıxışlarına istinad edərək Azərbaycanın coğrafi, qonşuluq və geosiyasi mövqeyinin ölkəmizin regional liderliyini şərtləndirdiyini vurğulayıb. Azərbaycanın Mərkəzi Asiya, Şərqi Avropa, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələrində körpü roluna diqqət çəkib.
Tarixi proseslərdən bəhs edən rektor Azərbaycanın müxtəlif dövrlərdə yaşadığı işğallar, Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə milli oyanış və inkişaf mərhələləri haqqında danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan qalib dövlətə çevrilib, ərazi bütövlüyünü bərpa edərək regional güc mərkəzi olub.
A. Nağıyev siyasi fəlsəfə və klassik geosiyasi nəzəriyyələrə – Makiavelli, Hobs, Lok, Makkinderin Hartland və Spaykmanın Rimland konsepsiyalarına toxunaraq Azərbaycanın quru və dəniz gücünün kəsişmə nöqtəsində yerləşdiyini bildirib. O, həmçinin qonşuluğun dövlət siyasəti üçün vacibliyini izah edib, Türkiyənin bölgədəki rolunu və Orta Dəhlizin qlobal əhəmiyyətini qeyd edib. Rektor Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlara, Zəngəzur dəhlizinin strateji mahiyyətinə diqqət çəkib və regionda sabitlik üçün sülhün vacibliyini vurğulayıb. Azərbaycan səfirliyinə İran tərəfindən edilən terror hücumu və Rusiya hava məkanında vurulan təyyarə hadisəsi sülhə təhdid kimi qiymətləndirilib.
Regional təhlükəsizlik kontekstində rektor Türk dünyasının rolundan, Şuşa Bəyannaməsinin Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələsi kimi əhəmiyyətindən bəhs edib.
Sonda A. Nağıyev Azərbaycanın Avropa, xüsusilə Balkan regionu üçün enerji sahəsində əhəmiyyətini, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini və COP29-un nəticələrindən bəhs edərək, bütün bu faktorların Azərbaycanın qlobal dialoq platformasına çevrilməsi və regional güc kimi mövqeyini daha da möhkəmləndirdiyini vurğulayıb.