04 dekabr 2025 08:07
119

BMT iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdış barədə məlumat verilib

Keçən il Bakıda keçirilmiş COP29-un nəticələri çoxtərəfli əməkdaşlığın gücünü və qlobal iqlim fəaliyyətinin inkişaf etdirilməsində COP Sədrliyi ilə BMT sistemi arasında koordinasiyalı əməkdaşlığın dəyərini bir daha nümayiş etdirdi.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova bu qurumun rezident əlaqələndiriciləri ilə üzv dövlətlər arasında keçirilən iclasdakı çıxışı zamanı deyib. "Azərbaycan indi 2026-cı ilin may ayında keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumuna, ilk dəfə olaraq Liderlər Sammitinə ev sahibliyi etməyi səbirsizliklə gözləyir", - müşavir qeyd edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa-quruculuq prosesi barədə danışan H. Məmmədova son beş ildə bunun üçün 13,5 milyard dollar ayrıldığını diqqətə çatdırıb: "Son beş ildə Azərbaycan münaqişədən sonrakı minatəmizləmə, yenidənqurma, bərpa və reinteqrasiyanı işğaldan azad edilmiş ərazilərdə prioritetləşdirib. 2021–2025-ci illər ərzində bu məqsədlərə 13,5 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Artıq 50 mindən çox insan öz evlərinə qayıdaraq həmin bölgələrdə yaşayır, işləyir və təhsil alır. Bu istiqamətdə ardıcıl fəaliyyət gələcək illərdə də prioritet olaraq davam edəcək".