Çin və Fransa dünya yol ayrıcında olduğu bir vaxtda genişmiqyaslı dəyişikliklər şəraitində məsuliyyət nümayiş etdirməlidir.
“İki sahil” xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı deyib. Görüş "YouTube" platformasında canlı yayımlanıb. "Hazırda dünya yüz ildə görünməmiş, sürətlə inkişaf edən genişmiqyaslı dəyişikliklər yaşayır. Bəşəriyyət yenidən növbəti addımın hara aparacağına qərar verməli olduğu bir yolayrıcında dayanıb. Çin və Fransa məsuliyyət və qətiyyət göstərməli, çoxqütblülük bayrağını yüksək tutmalı, qaranlıq və dumanı yararaq irəliləməli, tarixin düzgün tərəfində möhkəm dayanmalıdır", – deyə Çin lideri vurğulayıb.
Onun sözlərinə görə, Çin və Fransa hər iki xalqın əsas maraqlarını və beynəlxalq ictimaiyyətin uzunmüddətli mənafeyini əsas götürərək daim müxtəlif maneələri dəf edib, bərabərhüquqlu dialoq apararaq daha sabit və uğurlu hərtərəfli strateji tərəfdaşlığı təmin edib.
Si Cinpin əlavə edib ki, tərəflər həmçinin "bərabərhüquqlu və nizamlı çoxqütblü dünyanın, inklüziv və qarşılıqlı faydalı iqtisadi qloballaşmanın irəlilədilməsinə yeni töhfə vermək" üzərində də çalışırlar.