Vyanada dekabrın 4-də keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən bir çox iştirakçılar Azərbaycan və Ermənistan arasında sülh prosesini başa çatan ilin ən vacib hadisələrindən biri kimi qeyd ediblər.
“İki sahil” xəbər verir ki, günün birinci yarısındakı ən diqqətçəkən çıxış Lüksemburqun xarici işlər naziri Ksavye Bettelin bəyanatı olub.
O vurğulayıb ki, sülh yolunda irəliləyiş və razılaşmalara nail olunması öz-özünə baş verən bir proses kimi qəbul edilməməlidir – bu, təqdir və dəstəyə layiq səylər tələb edir.
İclasda çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da bu məsələyə diqqət yetirərək, baş verənləri uğur kimi dəyərləndirib.
"Biz bu ilin avqustunda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə ikitərəfli sülh müqaviləsinin (Vaşinqtonda) paraflanmasını yüksək qiymətləndiririk. Avropa İttifaqı bundan sonra da bu prosesi bütün mümkün vasitələrlə dəstəkləyəcək", - K.Kallas bildirib.
Bolqarıstanın xarici işlər naziri Georgi Georgiyevin sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı davam edən danışıqlar "hər iki tərəfin onilliklərlə davam edən münaqişəyə son qoymaq istəyini əks etdirir".
"Bolqarıstan regional sabitliyə və iqtisadi əməkdaşlığa yol açacaq münasibətlərin tam şəkildə normallaşmasını səbirsizliklə gözləyir", - o əlavə edib.
Digər xarici işlər nazirləri, o cümlədən Fransa Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək ifadə edib. Bildirilib ki, bu, bütün region və Avropa üçün yeni imkanlar açır.
Prezident İlham Əliyevin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində görülən işlərlə tanış olub YENİLƏNİB/FOTO
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib