04 dekabr 2025 19:47
193

Allahşükür Paşazadə: Erməni kilsəsi və diasporası sülh prosesini pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır

Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.

“İki sahil” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O xatırladıb ki, dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyası sülhə xidmətdir.

Görüşdə Şeyxülislam A. Paşazadə Azərbaycanda mövcud unikal multikultural həyat tərzi haqqında, ölkə rəhbərinin səy və təşəbbüsləri sayəsində dövlətimizin beynəlxalq dinlərarası dialoq müstəvisində qabaqcıl rolu, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin dünya miqyasında dinlərarası əməkdaşlıq istiqamətində fəaliyyəti barədə danışıb. Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Şeyxülislam A. Paşazadə görüşdə iştirak edən Azərbaycandakı dini konfessiyaların rəhbərlərini qonaqlara təqdim edərək xüsusi qeyd edib ki, yalnız qonaqlarla görüşərkən deyil, biz hər zaman bir yerdəyik, bütün tədbirlərdə birgə iştirak edirik. Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığı, Böyük Qayıdışın həyata keçirildiyi haqda qonaqlara məlumat verib:

"Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün dini məbədlər - məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli dini obyektlər təmir olunur", - deyə o, qeyd edib.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Azərbaycan dövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanın evsahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadi bir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətini vurğulayıb.