06 dekabr 2025 11:15
123

Yeni dövrün Azərbaycanı xəyanət tör-töküntülərindən tamamilə XİLAS OLMALIDIR! - TƏHLİL

Yaxud, xaricdən təhdid gözlədiyimiz anda növbəti dəfə içəridən zərbə almayaq...

Ramiz Mehdiyev-Əli Kərimli cinayəti ictimailəşəndən sonra bir çox istiqamətlər üzrə müzakirələr başladı, cütlüyün xain fəliyyətinə dair faktlar səsləndirildi, göstərildi. Əlbəttə, bu xəyanət prosesində payı olub, lakin hələlik həbs olunmayan bəziləri "müqavimət" göstərir, sosial şəbəkələrdə "bəraət" yazıları paylaşırlar. Lakin suda batan adam kimi çırpındıqca daha dərinə düşürlər, özlərini ifşa edirlər. Məsələn, ötən gün Milli Şuranın sədri Cəmil Həsənli "Milyarderlər ittifaqı" ilə əlaqələrini "inkar" etmək üçün Rüstəm İbrahimbəyovun essesinin tərcüməsinin bir hissəsini paylaşıb. Amma bu dəfə də özünü "yandırıb", ələ verib.

Əvvəlcə onu qeyd edək ki, Cəmil Həsənli paylaşımı ilə "Milyarderlər ittifaqı"nın maliyyələşdirdiyi Ziyalılar forumunun, İctimai Palatanın, sonradan hər ikisinin transformasiya edildiyi Milli Şuranın xəyanət fəaliyyətini ölmüş birinin üzərinə atmaq, Rüstəm İbrahimbəyovu günahlandırmaq istəyib. Ancaq nə qədər çalışsa da, bu alınmayıb. Axı, vahid namizəd olmaq üçün Rusiyadan göndərilən İbrahimbəyovun vətəndaşlığı ilə bağlı sual yarananda məhz Cəmil Həsənli o xəyanət missiyasını üzərinə götürmüşdü. Ona görə də bu gün nə qədər çabalasa da, batdığı palçıqdan çıxa bilməyəcək...

İndi isə həmin essedə diqqət çəkən iki məqama baxaq:

1. R.İbrahimbəyov yazır ki, "Azərbaycanda mövcud vəziyyət bu gün bütün milli ziyalıların, o cümlədən rusdilli qəzetləri oxumağa üstünlük verənlərin səylərinin gücləndirilməsini tələb edir".
2. Ardınca qeyd edir ki, "Ah, necə istəməzdim ki, 1918-ci ildə öz demokratik ənənələrinin təməlini qoymuş müstəqil Azərbaycan xalqı devrilən diktaturalar sırasına düşsün. Lakin bu yenə də baş versə, məsuliyyət hamımızın üzərinə düşəcək — bizim nəsil istər-istəməz bu gün müasir dünyanın qınadığı dövlətin qurulmasında iştirak edib".

İstər-istəməz sual yaranır ki, Ziyalılar Forumunu "hakimiyyətə gəlmək məqsədi güdməyən" ictimai hərəkat adlandıran Rüstəm İbrahimbəyov nədənsə, rusdilli ziyalıların aktivləşdirilməsini, rusdilli insanların təşkilatlandırılmasını istəyirdi. Hətta, daha da irəli gedərək Azərbaycanı diktatura kimi təsvir edir, dövlət çevrilişindən danışırdı. Axı, bu düpədüz Qazaxıstan hadisələrinin ssenarisinin eynisidir. Bunu görməmək mümkün deyil...

Yəni, nə qədər saf olasan və hələ də düşünəsən ki, Rüstəm İbrahimbəyov siyasi deyil, humanitar məqsədlə Azərbaycanda təşkilatlanma edirdi. Bu səbəbdən də, Cəmil Həsənli Milli Şuranın sədri kimi "Milyarderlər ittifaqı"nın istəyi ilə seçkilərdə vahid namizəd olanda hansı işə, plana qoşulduğunu bilməmiş deyildi. Ona görə də, Əli Kərimli kimi Cəmil Həsənli də xəyanət, dövlət çevrilişi cəhdinin iştirakçısıdır...

İstər Cəmil Həsənlinin, istərsə də AXCP trollarının özlərinin və Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqəsini, onun planlarında yer almasını inkar etmək üçün göstərdikləri səylər də səmərəsizdir. Çünki bu gün açıqlanan faktlardan bəlli olur ki, Ramiz Mehdiyevlə cəbhəçilərin ünsiyyəti müstəqilliyimizin ilk illərinə gedib çıxır. Şübhə yoxdur ki, Əbülfəz Elçibəyin nüfuzdan salınması, partiyanın ələ keçirilməsi də Ramiz Mehdiyevin Əli Kərimliyə gizli dəstəyi ilə baş verib. Hətta, Əli Kərimlinin parlamentə düşməsi də Mehdiyevin "xidmətləri" siyahınına düşür. Eyni sözü 2000-ci və 2005-ci illərdə parlamentə düşən Cəmil Həsənli haqqında da demək olar. Aydınlaşan mənzərə onu deyir ki, Əli Kərimli və Cəmil Həsənli Ramiz Mehdiyevin 25-30 il öncədən hazırladığı "siyasi layihə"dir. Elə Rusiyanın Azərbaycanla bağlı məkirli planları işə düşəndə dövlət çevrilişi planının icraçısı olan Ramiz Mehdiyev "yaxşılıqlarına" cavab olaraq itaətkarlıqlarını bildirmələri üçün Əli Kərimlini və Cəmil Həsənlini də bu məsələyə daxil etdi...

Arxa planda Ramiz Mehdiyev, ön səhnədə isə Əli Kərimli və Cəmil Həsənli 2013-cü ildən başlayaraq Rusiyanın tapşırıqlarını yerinə yetirir, hakimiyyətə təzyiq edirdilər. Maliyyələşməsi "Milyarderlər ittifaqı"ndan olan proses 2015-ci, 2016-cı illərdə də davam etdirildi. Həmin illərdə Bakıya vaxtaşırı gələn Rüstəm İbrahimbəyov seçkilər dövründə ictimai-siyasi sabitliyin pozulması üçün Rusiyanın təlimatlarını və maliyyəsini çatdırırdı. Elə o zaman onun Əli Kərimli və Cəmil Həsənli ilə birgə çəkdirdiyi xatirə şəkilləri də bu xəyanəti isbatlayan faktlardandır...

Bu günə qədər taftalogiya və çənə idmanı ilə məşğul olan cəbhəçilərdən, şuraçılardan bir nəfər də olsun başı olan kəs çıxıb bütün qeyd olunanların fonunda ictimaiyyətin suallarına cavab verə bilmirlər. Ramiz Mehdiyev-Əli kərimli xəyanətini diqqətlə izləyən cəmiyyət sual edir ki:

1. Niyə Ramiz Mehdiyev 2019-cu ildə vəzifədən uzaqlaşdırıldıqdan sonra AXCP və Milli Şura bir dəfə olsun mitinq, aksiya keçirmədi?
2. Rusiyada yaşayan Saleh Rüstəmli hansı məqsədlə və hansı mənbə hesabına hər ay 20-30 min, hətta birdəfəlik 175 min dolları niyə Əli Kərimliyə göndərirdi?
3. Əli Kərimli alınan pullara görə Saleh Rüstəmlidən kimə təşəkkürlərini çatdırmağı xahiş edirdi?
4. Gözəl Bayramlı Gürcüstana gedib oradan Əli Kərimli üçün gətirdiyi hər ay 10 min dolları kimlərdən və hansı tapşırıqlar üçün alırdı?
5. Əli Kərimli bu qədər vəsaiti hansı xidmətləri qarşılığında qəbul edirdi?
6. Ramiz Mehdiyevin işi ilə əlaqədar sosial şəbəkələr miqyasında haqqında danışılan 18 milyon manat Əli Kərimliyə nə üçün verilib?

İnanmırıq ki, söyüşdən, təhqirdən başqa nəsə bilməyən cəbhəçilər və şuraçılar bu suallara cavab versinlər. Amma onlar o kəslərdir ki, zəfər günlərində belə Azərbaycanın qələbəsinə xələl gətirməyə çalışırdılar. Ramiz Mehdiyevin Əli Kərimliyə ötürdüyü "rus qoşunlarını Qarabağdan çıxara bilməyəcəklər", "İlham Əliyev Xankəndidən Azərbaycan xalqına salam göndərə bilərmi?", "Qələbəmiz yarım qaldı", "Xalqı azad olunmuş torpaqlara buraxmırlar" kimi tezislərini tutuquşu kimi təkrarlayırdılar. Lakin qısa zaman sonra onların cavabı nəyi, nə zaman və necə edəcəyini bilən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdən gəldi. Beləliklə də, bu dəfə də xalq Əli Kərimlinin, AXCP-nin və Milli Şuranın xəyanət yolunu tutduqlarını gördü. Hər kəs sual etdi ki, hər gün şərəfdən danışan Əli Kərimli və dəstəsi niyə xalqın Zəfərinə zərbə vurmaq istəyir? İnsanlar artıq anlayır ki, Ramiz Mehdiyev-Əli Kərimli cutlüyü erməni separatçılarından fərqlənmir, hətta onlardan daha çox erməni olmağa çalışırdılar...

Beləliklə də, bu gün tam olaraq aydındır ki, Ramiz Mehdiyevin dövlət çevrilişi planlarında Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilər, ümumilikdə AXCP və Milli Şura aktiv rol alıb, konkret tapşırıqlar yerinə yetiriblər. Boşuna nəfəs tükədib "Ramiz Mehdiyev xain idisə, niyə onu vəzifədə saxlayırdılar" kimi mənasız suallarla özlərini yormasınlar. Əgər bu cür sualın arxasınca düşsələr, o zaman gərək ictimaiyyətin də məntiqli suallarına cavab versinlər. Məsələn:
1. Rəhim Qazıyevin ruslarla əlaqəsini, onun Qarabağa getməli olan silahları Gürcüstandakı separatçılara verdiyini bilə-bilə nə üçün müdafiə naziri vəzifəsində saxlayırdılar?
2. Əlikram Hümbətovun separatçı fikirlərlə yaşadığını bilə-bilə niyə ona hərbi vəzifə vermişdilər?
3. Surət Hüseynovun rus generallarla əlaqədə olduğunu bilə-bilə niyə ona Milli Qəhrəman adını verib, Qarabağ üzrə xüsusi nümayəndə vəzifəsinə təyin etdilər?
4. Atom bombasına sahib olduğunu deyən İsgəndər Həmidova hansı səbəblə vəzifə vermişdilər?

Buyurun, cavablandıra bilərsinizmi? Əlbəttə, xeyr...

Bir sözlə, bu gün Azərbaycan xalqı tam əmindir ki, Ramiz Mehdiyevin çevriliş planında yer almış Əli Kərimli kimi Cəmil Həsənli, Gültəkin Hacıbəyli də xaindir və bu prosesdə iştirakçı olmuş hər bir günahkar həbs edilməli, qanun qarşısında cavab verməlidir.

Azərbaycan son 34 ildə müxtəlif təlatümlü proseslərdən keçib. Xalqımız məhz cəbhəçilərin sayəsində işğal, vətəndaş müharibəsi, xəyanət, dövlət çevrilişlərinə cəhdləri görüb. Lakin parlaq Zəfərdən sonra yeni dövrün Azərbaycanı xəyanət tör-töküntülərindən tamamilə azad olunmalıdır. Dünya yeni nizama doğru irəlilədikcə, Azərbaycan da yenilənməli, təmizlənməli, AXCP, Milli Şura, Müsavat, Ramiz Mehdiyev, Əli Kərimli kimi fəsad və xəyanət ünsürlərindən xilas edilmiş və daha güclü formada proseslərə hazır olmalıdır. Xaricdən təhdid gözlədiyimiz anda içəridən zərbə almayaq deyə...

Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatının sədri