Son illərdə Azərbaycan–Slovakiya münasibətləri ardıcıl şəkildə yüksələn xətt üzrə inkişaf edir. 2023-cü ildə imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkə arasındakı əlaqələrin mahiyyətini müəyyən etdi, onları yeni keyfiyyət mərhələsinə qaldırdı.
2025-ci il dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Bratislavadakı görüşlər, aparılan danışıqlar və mətbuata verilən bəyanatlar təkcə ikitərəfli əməkdaşlığın mövcud səviyyəsini deyil, həm də gələcək strateji istiqamətlərin konturlarını müəyyənləşdirdi. Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər, xüsusilə Azərbaycanın enerji imkanları, yaşıl enerji strategiyası, regional nəqliyyat-logistika potensialı və Slovakiya ilə əlaqələrin çoxşaxəli inkişafına dair mesajlar mühüm siyasi və iqtisadi məzmun daşıyır.
Prezident İlham Əliyev öz bəyanatında xüsusi vurğuladığı kimi, Slovakiya Azərbaycan üçün “etibarlı dost və səmimi tərəfdaş”dır. Bu, həm siyasi dialoqun intensivliyi, həm də qarşılıqlı iqtisadi maraqlar fonunda daha aydın görünür.
Slovakiya parlamenti, hökuməti və dövlət başçısı ilə keçirilən geniş tərkibli görüşlər göstərdi ki, münasibətlər təkcə siyasi sahəni deyil - sənaye, müdafiə, enerji, ticarət, texnologiya, humanitar əməkdaşlıq və parlament diplomatiyasını da əhatə edən çoxşaxəli məzmun qazanmaqdadır. İki ölkənin parlament sədrləri arasındakı danışıqlarda hüquqi baza genişləndirildi, gələcək əməkdaşlıq istiqamətləri konkretləşdi və yeni layihələr üçün yol xəritələri yaradıldı.
Prezident İlham Əliyevin mətbuata bəyanatının əsas hissələrindən birini Azərbaycanın enerji resursları və onların Avropa üçün əhəmiyyəti təşkil etdi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycanda kifayət qədər böyük enerji potensialı var və bu potensial həm region, həm də Avropa enerji təhlükəsizliyinə ciddi töhfə verir.
Bu fikrin arxasında real və güclü göstəricilər dayanır. Belə ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir, Cənub Qaz Dəhlizi Avropanın ən mühüm enerji arteriyasına çevrilib, Hazırda istifadə olunmayan təxminən 2 giqavatlıq əlavə enerji gücü mövcuddur və növbəti illərdə bu rəqəmin 8 giqavata qədər artacağı proqnozlaşdırılır.
Slovakiya Prezidenti ilə mətbuat üçün bəyanat zamanı İlham Əliyev vurğuladı ki, Azərbaycan Slovakiyaya istənilən həcmlərdə qaz tədarük etmək gücünə malikdir. Bu isə o deməkdir ki, Slovakiya Azərbaycanın genişlənən enerji bazarında mühüm tərəfdaş ölkəyə çevrilə bilər.
Bununla yanaşı, Azərbaycan artıq təkcə karbohidrogenlərlə deyil, həm də yaşıl enerji ilə Avropaya açılan strateji qapıdır. Xüsusilə Xəzər hövzəsində külək enerjisi, Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisi potensialı, Avropa bazarına yaşıl elektrik ixracı üçün planlaşdırılan “yaşıl enerji dəhlizi” Slovakiya kimi ölkələr üçün yeni imkanlar yaradır.
Səfər çərçivəsində əsas müzakirə mövzularından biri müdafiə sənayesində əməkdaşlıq oldu. Lakin Prezident İlham Əliyev xüsusi vurğuladı ki, iki ölkənin müdafiə sahəsində əlaqələri sadəcə silah tədarükündən ibarət deyil. Bu əməkdaşlığın əsas mahiyyətini texnologiya transferi, birgə istehsal, uzunmüddətli sənaye tərəfdaşlığı təşkil edir. Bu, Slovakiya texnologiyalarının Azərbaycan sənayesinə inteqrasiyası üçün mühüm şərait yaradır. Eyni zamanda, Azərbaycanın hərbi-sənaye kompleksinin müasirləşməsi və beynəlxalq təchizat zəncirlərinə çıxışı üçün də geniş imkanlar açır.
Bundan başqa, Slovakiya ilə iqtisadi-ticarət əlaqələrinin nəzərəçarpacaq dərəcədə artırılması, avtomobil istehsalı, kənd təsərrüfatı texnikası, logistika, turizm, informasiya texnologiyaları kimi sahələrdə yeni layihələr üzrə razılaşmalar əldə edildi. Bu, iki ölkə arasında ticarət dövriyyəsinin kəskin artmasına şərait yaradır.
Prezident İlham Əliyev bəyanatında Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat mərkəzinə çevrilməkdə olduğunu qeyd etdi. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək həm regionun, həm də Avropanın logistik təhlükəsizliyinə böyük töhfə verir.
Slovakiya üçün Azərbaycan yalnız enerji təminatçısı deyil, həm də ticarət və nəqliyyat qovşağıdır. Bu səbəbdən Bratislava ilə Bakı arasında birbaşa aviareyslərin açılması, logistika mərkəzləri və gömrük əməkdaşlığı sahəsində layihələrin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunuldu. Universitetlərarası əlaqələr, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, mədəni layihələr və Azərbaycan dilinin tədrisinin təşviqi iki ölkə arasında yeni humanitar körpülər yaradır. Slovakiyanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi və incəsənət layihələri gələcək illərdə bu əməkdaşlığın daha da dərinləşəcəyini göstərir.
Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri Azərbaycan–Slovakiya münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirilir. Enerji, müdafiə sənayesi, ticarət, logistika, texnologiya və parlament diplomatiyası kimi sahələrdə təməli qoyulan yeni əməkdaşlıq modeli iki ölkəni strateji tərəfdaşlıqdan çoxvektorlu strateji ittifaq mərhələsinə aparır.
Azərbaycanın böyük enerji potensialı, Avropanın enerji təhlükəsizliyində artan rolu və Slovakiya ilə qarşılıqlı etimada əsaslanan əlaqələri gələcək əməkdaşlığın dayanıqlı və perspektivli olacağını göstərir. Bu səfər həm siyasi baxımdan, həm də iqtisadi və geostrateji ölçüdə iki ölkə üçün yeni imkanlar açır və uzunmüddətli tərəfdaşlığın güclənməsinə xidmət edir.
Ramiz Hüseynov
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
Sumqayıt şəhər təşkilatının sədri
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Azərbaycan–Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir
Orta Dəhliz yük daşımalarının sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır - Sahil Kərimli (FOTO/VİDEO)