10 dekabr 2025 21:24
110

Aİ Rusiyadan qaz idxalına qoyulan qadağanın müvəqqəti dayandıra bilər?

Avropa İttifaqının layihə reglamenti üzv dövlətlərə fövqəladə vəziyyət elan etdikləri halda Rusiyadan qaz idxalına qoyulan qadağanı müvəqqəti olaraq tətbiq etməməyə icazə verə bilər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə sənədin layihəsində qeyd olunur.

Sənəddə bildirilir ki, qadağanın dayandırılması ilə bağlı müddəa ümumi kompromisin bir hissəsi kimi saxlanılıb, baxmayaraq ki, Avropa Parlamenti buna qarşı çıxmışdı.

Qadağanın müvəqqəti dayandırılması yalnız o zaman mümkün olacaq ki, Aİ üzvü olan dövlət Qaz Təhlükəsizliyi Reglamenti çərçivəsində fövqəladə vəziyyət elan etsin və bu qərarı Avropa Komissiyası təsdiqləsin.

Qeyd edilir ki, belə bir istisna yalnız qısamüddətli müqavilələrə şamil olunur və yalnız “böhranı həll etmək məqsədilə” istifadə edilməlidir.

İstisnanın müddəti maksimum dörd həftə olacaq və lazım gəldikdə uzadıla bilər.

Bu mexanizm işə salınarsa, Avropa Komissiyası Avropa Parlamentini və Şuranı məlumatlandırmağa borcludur.