13 dekabr 2025 10:27
110

TÜRKPA-nın Baş katibi Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Tənzilə Narbayeva Ramil Həsəni TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edib və onun rəhbərliyi altında TÜRKPA Beynəlxalq Katibliyinə uğurlar arzulayıb. Türk dövlətlərini birləşdirən ortaq dəyərlər, mədəniyyət və ənənələrə toxunan Senat sədri bu birgə mirasın bütün sahələr üzrə əməkdaşlığın daha da genişlənməsi üçün təbii zəmin yaratdığını bildirib və Özbəkistanın Türk dünyası ailəsində birliyin gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib. O, həmçinin qeyd edib ki, Türk dünyası mütləq şəkildə birliyini qoruyub saxlamalıdır, çünki davamlı nailiyyətlər yalnız həmrəylik sayəsində mümkündür.

Baş katib xanım Narbayevaya TÜRKPA nümayəndə heyətinə göstərilən səmimi və yüksək səviyyəli qəbul üçün təşəkkürünü bildirərək Özbəkistan ilə Türk dünyasının əsrlərdən bəri möhkəm bağlarla birləşdiyini vurğulayıb. O, TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin salamlarını da Senat sədrinə çatdırıb.

ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyası çərçivəsində TÜRKPA-nın koordinasiya iclasının uğurla keçirildiyini vurğulayan Baş katib Özbəkistan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib.

Baş katib Senat sədrinə parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsü barədə də məlumat verib. O bildirib ki, dövlət başçılarının qeyri-rəsmi zirvə görüşlərinin uğurlu təcrübəsinə əsaslanaraq TÜRKPA sədrlərinin ilk qeyri-rəsmi görüşü 2026-cı ilin aprel ayında İstanbulda keçiriləcək PAİ-nin 152-ci Assambleyası çərçivəsində təşkil ediləcək.

Tənzilə Narbayeva bu təşəbbüsü yüksək qiymətləndirərək, parlament sədrlərinin yalnız ildə bir dəfə deyil, bir neçə dəfə qeyri-rəsmi formatda görüşməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu cür qarşılıqlı təmaslar təkcə TÜRKPA-nın ən fəaliyyətinin möhkəmləndirilməsinə deyil, həm də bir sıra aktual məsələlərin vaxtında və səmərəli həllinə mühüm töhfə verəcək.

Senat sədri TÜRKPA+ formatı ilə bağlı Baş katibin təşəbbüsünü dəstəklədiyini də bildirərək TÜRKPA-nın Avropa İttifaqı, ATƏT Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası və digər qurumlarla əməkdaşlıq platformalarının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bununla da parlament diplomatiyasının əhəmiyyətinin ön plana çıxacağını qeyd edib.

Görüşün yekununda Türk dövlətləri parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin TÜRKPA çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakın təmin edilməsi barədə razılıq əldə edilib