İqtisadi əməkdaşlıq Azərbaycan-Niderland münasibətlərinin əsas sütunlarından biridir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov "The Holland Times"a müsahibəsində deyib.
"İki ölkə arasında ticarət son illərdə sabit şəkildə artır, təkcə 2025-ci ilin ilk 10 ayında 35 % artıb. Qarşılıqlı investisiyalar da artmaqdadır. Buna baxmayaraq, qarşılıqlı iqtisadi əlaqələrimizin daha da genişləndirilməsi və diversifikasiyası üçün əhəmiyyətli istifadə edilməmiş potensial qalır", - o vurğulayıb.
E.Əmirbəyov qeyd edib ki, onun Niderlanda səfərinin əsas məqsədi indiki müsbət dinamikaya töhfə vermək, həmçinin tərəfdaşlığın daha da dərinləşdirilməsi üzrə qarşıdakı il üçün perspektivlər və planları müzakirə etməkdir.
O vurğulayıb ki, iki ölkə enerji sektorunda, o cümlədən Azərbaycandan Niderlanda enerji daşıyıcılarının tədarükünün artırılması hesabına sıx əməkdaşlıq edir. Niderland şirkətləri Bakı limanındakı layihələrdə fəal iştirak edirlər. Bura dəniz limanının inkişafı, gəmiqayırma, nəqliyyat logistikası və onun multimodal nəqliyyat qovşağı kimi potensialını artırmağa yönəlmiş mühəndislik işləri daxildir.
"Əməkdaşlıq perspektivdə dəniz limanının genişləndirilməsinin yeni imkanlarına fokuslanacaq. Kənd təsərrüfatı və su resurslarının idarə edilməsi də ikitərəfli əməkdaşlığın potensial əsas sahələridir. Davamlı kənd təsərrüfatı, istixana texnologiyaları və su resurslarının idarə edilməsində Niderlandın təcrübəsi iqtisadi əlaqələrimizin gücləndirilməsində mühüm rol oynaya bilər", - E.Əmirbəyov bildirib.
Bundan əlavə, onun sözlərinə görə, yüksək texnologiyalı sektorlarda və bərpa olunan enerji sahəsində - xüsusilə külək, günəş və ekoloji cəhətdən "təmiz hidrogen" enerjisində əməkdaşlıq ikitərəfli tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün ümidverici imkanlar açır.
E.Əmirbəyov, həmçinin əlavə edib ki, Bakı və Amsterdam arasında münasibətlərdə mədəniyyət, təhsil, idman və turizm kimi sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyətə malikdir: "Son illərdə bu sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə aktivləşib. Bu, Niderland Krallığında təhsil alan azərbaycanlı tələbələrin sayının artmasında da əks olunur".
Bakının Avropa İttifaqı (Aİ) və NATO ilə əməkdaşlığından bəhs edərkən o, hazırda həm Aİ, həm də Şimali Atlantika İttifaqı ilə tərəfdaşlığın və strateji qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün əlverişli şəraiti, eləcə də yeni imkanların mövcud olduğunu qeyd edib: "Buna görə də ümid edirik ki, bu baxımdan qarşıdan gələn il Azərbaycan və onun Aİ, eləcə də NATO-dakı tərəfdaşlarının mənafeyi naminə münasibətlərimizin daha perspektivli inkişafının təcəssümü olacaq".