18 dekabr 2025 08:59
124

Ankarada dil birliyi mövzusunda panel müzakirələr keçirilib

Ankara Şəhər Şurasının binasında Ümumdünya Türk Dilləri Gününə həsr olunmuş panel müzakirələr təşkil edilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə açılış nitqi ilə Azərbaycanın “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edib. O, türk xalqlarının kimliyinin təməli olan türk dillərinə qayğı ilə yanaşılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Zərifə Quliyeva Azərbaycan dilinin və mədəniyyətinin qorunmasına Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xüsusi diqqəti xatırladıb. “Türk dünyası ilə yaxınlaşmanı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Heydər Əliyevin uzaqgörən siyasəti bu gün onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyə ictimai birliyin sədri bildirib və türk dillərinin öyrənilməsinə, qorunmasına çağırış edib.

Daha sonra TÜRKKON cəmiyyətinin rəhbəri Mustafa Kaya Akozanın moderatorluğu ilə müzakirələr aparılıb.

Panel müzakirələrində türk dilçiliyinin inkişaf mərhələləri barədə Türkiyənin tanınmış alimləri – Qazi Universitetinin professoru Fatma Açıq, professor Hayrettin İvgin, Türk Tarix Akademiyasının dosenti Tuğrul Kihtir və Hacı Bayram Vəli Universitetinin müəllimi Məryəm Başkurt məruzələrlə çıxış ediblər.