18 dekabr 2025 10:26
216

Heç bir cinayət cəzasız qalmır

Azərbaycan Respublikasının Konstitusiyası və dövlətçilik ideologiyasında əsas prinsiplərdən biri də “xalqına və dövlətinə xidmət etmək hər bir vətəndaşın borcudur" tezisidir. Bu təkcə vəzifə deyil, həm də böyük şərəf sayılır.  Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev dəfələrlə bu fikri səsləndirmiş və öz fəaliyyətləri ilə nümunə göstərmişlər.  

Dövlətimizin inkişafı üçün hər bir vətəndaş fəaliyyət göstərdiyi sahənin nümayəndəsi olaraq öz məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyə çalışmalıdır. Dövlət məmurları üçün xalqa xidmət bir imtiyaz deyil, əsas borc və məsuliyyətdir. Zamanla, vəzifəni özü üçün gəlir mənbəyi hesab edən, vəzifə səlahiyyətlərini aşaraq dövlətə və xalqa xəyanət edən məmurları və onların faciəli sonlarının şahidi olmuşuq. Hakimiyyəti devirmək, ölkənin stabilliyinə ciddi zərbə vurmaq- bunlar böyük ictimai-siyasi cinayətdir.

Çox qəribədir ki, uzun illər özü Ümummilli Lider Heydər Əliyevin ideyalarının davamçısı, daha sonra Prezident İlham Əliyevin siyasi kursunun tərəfdarı kimi qələmə verən,  dövlətin yaratdığı bütün imkanlardan yaralanan, əmək fəaliyyətində  yüksələn, elmi dərəcələr alan, mühüm dövlət vəzifəsini tutan şəxs Azərbaycan Dövlətinə qarşı düşmənçilik edən radikal müxalifətlə əməkdaşlıq edir, dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər törədir. Bu kontekstdə Ramiz Mehdiyevin dırnaqarası fəaliyyətini  nankorluq, düşmənçilik və cinayətkarlıq adlandırmaq olar. O və əlbir olduğu Əli Kərimli, Gültəkin Hacıbəyli və digərlərinin dövlətə, xalqa münasibətdə cinayətləri həm hüquqi, həm də mənəvi qiymətini almalıdır. Azərbaycanın əldə etdiyi  nailiyyətlərə, Tarixi Qələbəmizə, ölkəmizin gündən- günə artan nüfuzuna sevinməyən, dünya liderlərinin hörmətlə yanaşdığı prezident İlham Əliyevə göstərilən münasibəti qəbul edə bilməyən bu qüvvələr əslində elə xalqa və dövlətə münasibətdə düşmənçilik edirlər. Və beləliklə, özünü “vətənpərvər”, “Qarabağın azadlığı üçün mübarizə aparan, “vətəndaşların hüquqlarını müdafiə edən” kimi qələmə  bu  cinayətkar dəstəsinin əsl siması  indi daha aydın şəkildə üzə çıxdı.

 Dövlət məmurunun əsas vəzifəsi xalqla bir yerdə olmaq, dövlətin siyasəti həyata keçirmək, vətəndaşların hüquqlarını qorumaq, sosial ədalət prinsipinə əməl etməkdir. Vəzifəli şəxs öz davranışları ilə seçilməli, dövlətimizə, dövlətin siyasətinə ləkə vurmamalıdır. Lakin biz gördük ki, dövlət məmuru  müxtəlif siyasi qüvvələr tərəfindən himayə olunan və maliyyə dəstəyi alan bir dəstə ilə əlbir olub Azərbaycanda sabitliyi pozmağa çalışır, dövlət çevrilişi planları hazırlayır. Cari ilin noyabr ayında Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərək  bir çox tövsiyələr verdi, onların qarşısında vəzifə və öhdəliklər qoydu. Qəbul zamanı dövlət başçımız  bu məsələyə xüsusi diqqət çəkərək bildirdi ki: “Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.  Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər”. Dövlətimizə, dövlətçiliyimizə  qarşı  yönəlmiş fəaliyyətlər, vəzifədən sui-istifadə halları,  müxtəlif  hüquqi pozuntularla bağlı aparılan istintaq bir daha sübut etdi ki, bütün qanunsuz əməllər, daha doğrusu cinayətlər  hüquqi qiymətini alacaq və məsuliyyətdən yayına bilməyəcəkdir.

Bu cinayətkar dəstə və onlara dəstək verən dairələr anlamalıdırlar ki, Xalq artıq öz seçimini edib. 1990-cı illərin əvvəllərində hökm sürən anarxiya şəraitində, ölkəmizin ən ağır zamanında xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşdi. Xalqa arxalanan və ondan böyük dəstək alan Ulu Öndər Azərbaycanı siyasi, iqtisadi bataqlıqdan çıxardı və islahatlar aparıldı. 2003- cü ildə xalq yenə də Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq Prezident İlham Əliyevə etimad göstərdi. Ölkə başçısının siyasətinin əsasında milli həmrəylik və xalqın dəstəyi dayanır. O, xalqa arxalanaraq sosial-iqtisadi inkişaf proqramları həyata keçirdi, güclü ordu qurdu, siyasi dialoq mühiti yaratdı. 44 günlük Vətən Müharibəsi zamanı  dövlət-xalq birliyi "dəmir yumruğa” çevrildi. Müharibədən sonrakı dövrdə  bu birlik dayanıqlı inkişafı şərtləndirən əsas amillərdən biri olaraq qalır.  Prezident hər zaman milli maraqlardan çıxış edir və öz siyasətində Azərbaycan xalqının dəstəyinə arxalanır.

     Regionda yeni reallıq yaradan prezident İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycan həm iqtisadi, həm strateji, həm də geosiyasi baxımından  ciddi  qəbul olunan bir dövlətdir. Azərbaycan ədalətli mübarizə apararaq, Tarixi Zəfər çaldı. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, qurulur.  Azərbaycan qlobal problemlərin həllində mühüm işlər görür. Dövlətimizin, Prezident İlham Əliyevin nüfuzunu, onun bölgədə və dünyada sülh, təhlükəsizlik, rifah üçün verdiyi töhfələri ABŞ, Avropa dövlətlərinin rəhbərləri, BMT, TDT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar böyük hörmətlə qəbul və etiraf edirlər. Azərbaycan bu gün güclü, öz siyasi iradəsi olan və təhlükəsizlik sistemini tam yeniləşdirmiş dövlətdir.  Dövlətimiz  sabitlik adası kimi, beynəlxalq aləmin rəğbətini qazanıb. Və əgər kimsə, yaxud kimlərsə,  bu sabitliyi pozmaq, xaos yaratmaq,  hansısa dairələrin,  mərkəzlərin göstərişləri ilə  dövlətə təzyiq göstərmək  istəsə,  heç nəyə nail olmayacaqlar. Dövlətə, xalqa, ölkə rəhbərinə qarşı cinayət törədənlər  layiqli cəzalarını alacaqlar. 

 Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova