19 dekabr 2025 13:15
211

Heç bir qərəzli qətnamə Azərbaycanı seçdiyi müstəqil yoldan döndərə bilməz

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə son illərdə qurumun ölkəmizə qarşı yürütdüyü qərəzli siyasətin mahiyyətini dəqiq əks etdirir. AP-nin Ermənistanın 30 illik işğal dövründə, azərbaycanlıların fundamental hüquqlarının pozulmasına, məscidlərimizin dağıdılmasına səssiz qalıb, indi hansısa adlar altında qətnamələr qəbul etməsi klassik ikili standartdır.

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə bu qurumun artıq obyektivliyini tamamilə itirdiyinin və erməni lobbisinin əlində bir alətə çevrildiyinin bariz sübutudur. Suverenliyimizin tam bərpa olunduğu, bölgədə sülh gündəliyinin irəli sürüldüyü bir vaxtda belə sənədlərin qəbulu sülh prosesinə xidmət etmir, əksinə, revanşist qüvvələri stimullaşdırır. Biz bu kağız parçalarını ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndiririk və qətiyyətlə rədd edirik.

Azərbaycana qarşı sürülən bu haqsız ittihamlar müqabilində Avropanın hansı dəyərlərə söykəndiyini sual etməyə bilmərik. Sənədin mətnində yer alan “siyasi məhbuslar”, “siyasi təqiblər”, “akademik azadlıqların pozulması” və “mədəni hüquqların məhdudlaşdırılması” kimi ifadələr tamamilə əsassızdır, heç bir fakta söykənmir və aşkar qərəz nümunəsidir. Sənədin hazırlanması zamanı yol verilən hüquqi və siyasi səhvlər isə birbaşa olaraq qətnamənin tərtib edilməsi və qəbulu zamanı avroparlamentarilərin beynəlxalq hüquq, ədalət, obyektivlik kimi anlayışlardan nələrinsə müqabilində uzaq olduqlarını göstərir.

Azərbaycanda heç kim siyasi baxışlarına və ya fəaliyyətinə görə təqib olunmur. Qanun qarşısında hamı bərabərdir. “Siyasi məhbuslar” adı altında cinayət törətmiş şəxslərin “siyasi fəal” libasında təqdim edilməsi cəhdidir ki, bu da Azərbaycanın müstəqil məhkəmə sisteminə təzyiq göstərmək məqsədi daşıyır. Digər tərəfdən Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə bütün etnik və dini qrupların mədəni hüquqları konstitusiya ilə qorunur. Akademik mühit isə tamamilə azaddır və beynəlxalq standartlara uyğundur. Belə olduğu təqdirdə AP-nin bu cür uydurma ittihamları ölkəmizin daxili birliyinə kölgə salmaq cəhdindən başqa bir şey deyil.

Avropa Parlamentinin qərarları nəinki Avropa İttifaqının üzvü olmayan Azərbaycan üçün, hətta Avropa İttifaqı ölkələri üçün xüsusi əhəmiyyət kəsb etmir. Heç kimə sirr deyil ki, insan hüquqları çoxdan spekulyasiya və manipulyasiya alətinə çevrilib və onların mühitində insan hüquqları anlayışı da demokratiya anlayışı kimi artıq dəyərini itirib.

Bu gün Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyət çox acınacaqlıdır. Hər gün Avropa İttifaqı ölkələrinin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin olduğu hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Yaxşı olardı ki, Avropa Parlamenti öz daxilində baş verən hadisələri, prosesləri izləsin, qiymət versin.

Heç bir xarici qüvvə, heç bir qərəzli qətnamə Azərbaycanı seçdiyi müstəqil yoldan döndərə bilməz. Biz öz konstitusion haqlarımızı, suverenliyimizi və milli maraqlarımızı qorumaqda qətiyyətliyik. Avropa Parlamentini reallığı qəbul etməyə və Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmağa çağırırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə biz milli maraqlarımızı qoruyaraq beynəlxalq arenada daha güclü və sayılan tərəfdaş olmağa davam edəcəyik. Belə sənədlər Avropa Parlamentinin öz dəyərlərinə sadiq olmadığını və beynəlxalq hüquq normalarını yalnız maraqlarına uyğun şəkildə şərh etdiyini göstərir. Azərbaycan xalqı olaraq biz bilirik ki, milli mənafeyizimi qorumaq yolunda bütün çətinlikləri dəf edəcək gücə sahibik. Bizi heç bir qərəzli sənəd, heç bir qərəzli qurum öz haqq yolumuzdan geri döndərə bilməz.

Anar Məmmədov,

Milli Məclisin deputatı