20 dekabr 2025 09:14
95

Milli Məclisin deputatı: Avropa Parlamentinin qərəzli qətnaməsi saxta ittihamlardan ibarətdir


Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamənin ölkəmizin dövlət suverenliyinə etinasız münasibətini əks etdirməsi təəssüf doğurur. Bu kağız parçası saxta ittihamlardan ibarətdir. Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur və bu destruktiv yanaşma yolverilməzdir. Avroparlamentarilərin "siyasi məhbuslar", "siyasi təqiblər", "mədəni hüquqların məhdudlaşdırılması" kimi qərəzli və əsassız ifadələrdən istifadə etməsi ikili standartların növbəti təzahürüdür. 
Avropa Parlamentinin bu cür qərəzli yanaşması regionda yaranan sülh prosesinə qarşı təxribat cəhdidir. Məlumdur ki, bu təsisat tərəfindən Azərbaycana qarşı mütəmadi şəkildə qərəzli yanaşma müşahidə etmişik. İşğal dövründə də Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünə dəstək vermirdi. 44 günlük Vətən müharibəsindən sonra isə bu təsisatın qərəzli mövqeyi dəyişməyib. Avropa Parlamenti Azərbaycanda insan haqları üzrə dinləmələr təşkil etməklə,  Ermənistanda təkcə 2025-ci ildə 10-larla müxalifətçi, dini xadim, fəal və s. şəxslər uydurma səbəblərlə həbsini görməzdən gəlməklə əsl riyakarlıq nümayiş etdirmiş olur. Avropa Parlamenti müxtəlif vaxtlarda Azərbaycanı müharibə cinayətkarlarını azad etməyə çağırır. Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri - Ruben Vardanyanı müdafiə etmək sadəcə, gülüncdür. 
Əslində bu davranışlar sülh prosesinə zərbə vurmaq cəhdidir. Avropa İttifaqı Ermənistanla birlikdə Trampın vasitəçiliyi ilə əldə edilmiş sülh gündəliyinə qarşı çıxış edir. Aİ-Ermənistan son sənədində Trampın təşəbbüsü ilə yaradılan TRİPP layihəsinə istinad olunmaması bunun bariz nümunəsidir. 
İslamofob və turkofob təsisat sayılan Avropa Parlamentinin qətnamələri isə heç bir hüquqi təsir yaratmır. 
Aİ-nin Ermənistanla birgə fəaliyyətinin əsas məqsədi Vaşinqton razılaşdırmalarının pozulması, onların Paris və Brüssel gündəliyi ilə əvəzlənməsidir. Lakin bu, mümkün deyil. Azərbaycan siyasətinin əsasında milli maraqlar dayanır və onların reallaşdırılmasında heç bir kənar qüvvə təsir edə bilməz.

Könül Nurullayeva, Milli Məclisin deputatı