Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə bağlanmış əməkdaşlıq haqqında Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı teatrın Baş rejissoru David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağı olub.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Dram Teatrından məlumat verilib.
Bildirib ki, dekabrın 20-də Akademik Milli Dram Teatrında David Sakvarelidzenin quruluşunda V. Şekspirin "Kral Lir" faciəsi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın yaradıcı heyəti ilə görüş keçirilib.
Görüşdə Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov bildirib ki, Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq, təmsil etdiyi sənət ocağının beynəlxalq əlaqələri uğurlu inkişaf edir, bir neçə ölkənin milli teatrı ilə bağlanmış memorandumlar öz real nəticəsini verir: "Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın bir sıra dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bu əlaqələr uğurla inkişaf etdirilir. Bu sırada Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da dünyanın bir sıra nüfuzlu teatrları ilə qarşılıqlı əməkdaşlıq memorandumları imzalayıb. Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı ilə 2025-ci il fevralın 22-də fevral memorandum imzalanıb. Memorandumun birinci mərhələsində teatrın bədii rəhbəri, dünyaşöhrətli gürcü rejissoru Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze Bakıya səfər edib, Robert Sturuanın ustad dərsi təşkil olunub. Memorandumun ikinci mərhələsində isə "Şükriyyə" tamaşası Gürcüstan Milli Teatrının səhnəsində böyük uğurla nümayiş olunub. Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı isə öz yenilikçi səhnə quruluşları ilə beynəlxalq miqyasda tanınmış məşhur gürcü rejissoru David Sakvarelidze bizim qonağımızdır".
İlham Əsgərov əlavə edib ki, 2026-cı ildə Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunacaq: "Bu münasibətlə David Sakvarelidze Nurəddin Mehdixanlının iştirakı ilə "Kral Lir" benefis tamaşasını hazırlayacaq. İnanıram ki, bu tamaşa dünya səviyyəsində böyük layihəyə çevriləcək”.
David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağı olmaqdan məmnunluğunu bildirib və iki qonşu və dost ölkənin bütün sahələrdə olan uğurlu əməkdaşlığı haqqında danışıb: “Mən bu gözəl ölkənin, gözəl teatrının qonağı olmaqdan məmnunam. Gürcüstan və Azərbaycan tarixən bir-birinə yaxın olub. Hər iki xalqın bir-birinə böyük məhəbbəti və hörməti var. Əlaqələrimiz yüksək səviyyədədir. Teatrlar arasında əməkdaşlığın başlanması və uğurla inkişafı məni çox sevindirir. İmzalanan Memorandum gələcəyə hesablanan böyük addımdır. İnanıram ki, "Kral Lir" təkcə bu böyük teatrda yox, eyni zamanda dünyanın bir çox səhnələrində öz gözəl taleyini yaşayacaq".
Xalq artisti Nurəddin Mehdixanlı yaradıcılığına göstərilən diqqət üçün öz təşəkkürünü bildirib və qeyd edib ki, 70 illik ömrünün 50 ilini teatra həsr edib: "Şekspir yaradıcılığına, "Kral Lir"ə müraciət etmək əbəs deyil. Bu, bir imtahan, bir çağırışdır. Yaradıcılığıma olan diqqətiniz üçün təşəkkür edirəm. Mən bu tamaşanın çox uğurlu olacağına inanıram".
Yazıçı-tərcüməçi Kamran Nəzirlinin yeni səhnə redaksiyasında hazırlanacaq tamaşanın premyerası aprel ayında planlaşdırılır. Həmçinin apreldə Rustaveli Teatrının kollektivi Robert Sturuanın quruluşunda "Prometey" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.
Qeyd edək ki, David Sakvarelidze Gürcüstanın məşhur teatr və opera rejissoru, incəsənət meneceri və bəstəkardır. O, əvvəlcə Şota Rustaveli adına Teatr və Kino Universitetində təhsil almış, daha sonra Milanda və Londonda təhsilini davam etdirib. Görkəmli rejissor Piter Brukun tələbəsidir. Londonda "English National Opera", Nyu-Yorkda "New York Theatre" və Milanda "Piccolo" teatrlarında çalışıb.
Suxumi Dövlət Teatrının Bədii rəhbəri, Gürcüstan Milli Opera Teatrının baş direktoru olub. O, UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Gürcüstan Milli Mərkəzinin prezidentidir. 2011-ci ildə Gürcüstan Prezidentinin Fəxri ordeni ilə təltif olunub.