Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filminin təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsi olan filmin təqdimatı Nizami Kino Mərkəzində dövlət qurumlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dini icmaların rəhbərlərinin, media nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilib. Təqdimat mərasimində filmin ideya və məqsədləri, həmçinin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyəti barədə çıxışlar edilib.
Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, dini ibadətgahlarda, eyni zamanda, ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən "Fərqliliyin rəngi" festivalında aparılıb.
Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır. Onların yaşam tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır.
Qəhrəmanların ailə həyatları, ibadətləri və illərlə davam edən münasibətləri onların mədəni müxtəliflik və sülh şəraitində yaşadıqlarını nümayiş etdirir. Sənədli film vasitəsilə cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin təbliği, eyni zamanda ölkəmizin dinlərarası harmoniyanın qorunması və inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin mahiyyəti diqqətə çatdırılır.
Qeyd edək ki, sənədli film Azərbaycanda müxtəlif dinlərin mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir.