21 dekabr 2025 20:53
85

Bakı Dövlət Sirki “Yeni il karvanı” proqramını təqdim edib

Bakı Dövlət Sirki Yeni il bayramları ərəfəsində “Yeni il karvanı” adlı xüsusi proqramını təqdim edib.

“İki sahil” xəbər verir ki, müxtəlif ölkələri təmsil edən sirk sənəti ustaları həm ənənəvi, həm də müasir nömrələrlə çıxış ediblər. Tamaşalar tamaşaçıların və artistlərin Yeni il bayramının qarşısını almağa çalışan bədxah Baltazarın cəhdlərinə qarşı birləşdiyi maraqlı süjet xətti ətrafında təqdim olunub.

“Yeni il karvanı” jonqlyorluq sənətindən güc nümayişlərinə, akrobatların balans hərəkətlərindən hava gimnastının həyəcanverici uçuşuna qədər ardıcıl şəkildə davam edib. Arenada “müxtəlif çəki kateqoriyalarına” aid itlərin peyda olması isə tamaşaçılarda xüsusi heyranlıq doğurub.

Proqramın adının özü də dəvələrin iştirakına dair gözlənti yaradırdı. Səhnədə bu fleqmatik, eyni zamanda, kifayət qədər bəslənmiş və baxımlı “səhra gəmiləri”nin parlaq sirk işıqları altında görünməsi publika arasında böyük ajiotaj yaradıb. Bu qeyri-adi anturajda çıxış edən artistlərin nömrələri həm fasilə zamanı, həm də tamaşa bitdikdən sonra geniş müzakirə olunub.

Sirk ab-havasının xoş emosional gərginliyi bütün tamaşa boyu, onun kulminasiya nöqtəsi olan möhtəşəm moto-şouya qədər azalmayıb. Bu nömrə bayram əhvali-ruhiyyəsinə qərq olmaq üçün həmin gün sirkə gələn hər kəsdə, sözün əsl mənasında, nəfəs kəsən təəssürat yaradıb.

Tamaşa sanki böyüklərlə çoxsaylı uşaqlar arasındakı sərhədi aradan qaldırıb. Bu, xüsusilə fasilələr zamanı səhnəyə çıxan və səhnəcikləri ilə gülüş doğuran məzəli kloun cütlüyünün çıxışlarında hiss olunub. Onların “şıltaqlıqlarında” iştirak etmək dəvətinə tamaşaçıların böyük həvəslə qoşulması zalda gur alqışlara səbəb olub. Məhz alqışlar, eləcə də salamlayıcı ayaq səsləri yaşanan emosiyaların əlavə göstəricisi kimi Yeni il personajlarının “azad olunmasına” kömək edən qüvvəyə çevrilib və onlar tamaşaçılara “qar topu” oyunu oynamağı təklif ediblər. Şaxta babanın arenada görünməsi və Yeni il ağacının təntənəli şəkildə “ucaldılması” isə uşaq auditoriyası üçün böyük sevinc yaradıb və onların səhnəyə yaxınlaşmaq istəyi ilə müşayiət olunub.

Bakı Dövlət Sirki 2026-cı il yanvarın 11-dək paytaxt sakinlərini və şəhər qonaqlarını “Yeni il karvanı” səyahətində Yeni ilə məxsus sehrli bayram ovqatı ilə sevindirməyə davam edəcək.

Xatırladaq ki, şapito-sirk Səbail rayonunda, Su İdmanı Sarayının yaxınlığında, akademik A.Yaqubov küçəsi 15 ünvanında yerləşir.

Biletləri “iTicket.az” saytından əldə etmək mümkündür.