25 dekabr 2025 13:08
28

ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni intellekt savadlılığı” proqramı davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən icra olunan “Süni intellekt savadlılığı” proqramının həyata keçirilməsi uğurla davam edir.

“İki sahil” xəbər verir ki, proqram cəmiyyətin müxtəlif təbəqələrində süni intellekt biliklərinin artırılmasına, rəqəmsal bacarıqların inkişafına və bu texnologiyalardan məsuliyyətli istifadənin təşviqinə yönəlib.

Proqram çərçivəsində təşkil olunan təlimlərin sayı artırılıb və daha çox dövlət qurumu və müəssisənin proqramdan faydalanması təmin edilib. Bu günə qədər “Süni intellekt savadlılığı” proqramı çərçivəsində 50-dən çox dövlət qurumu və müəssisədə ödənişsiz təlimlər təşkil olunub, 1000-dən artıq iştirakçı praktiki və nəzəri biliklər əldə edib. Təlimlər üzrə iştirakçı məmnunluğunun 99 faiz təşkil etməsi proqramın effektivliyini və aktuallığını bir daha təsdiqləyir.

Təlimlər zamanı iştirakçılara süni intellektin gündəlik fəaliyyətlərdə tətbiqi, iş proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, müasir rəqəmsal bacarıqların inkişafı, eləcə də süni intellektdən istifadə zamanı yarana biləcək risklər və etik məsələlərlə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.

“Süni intellekt savadlılığı” proqramı regional səfərinə Şuşa şəhərində 100 nəfərin iştirakı ilə başlayıb. Proqramın növbəti mərhələlərdə ölkənin digər regionlarını da əhatə etməsi, müxtəlif yaş və peşə qrupları üçün uyğun təlim modullarının hazırlanması, eləcə də onlayn və hibrid təlim formatlarının tətbiqi nəzərdə tutulur.

Təlimlər “İnnovasiyalar Mərkəzi” MMC ilə “Atəşgah” Sığorta Şirkəti ASC arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Memorandum çərçivəsində innovativ yanaşmaların təşviqi, maarifləndirici və sosial yönümlü layihələrin icrası, eləcə də tələbə və gənclər üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulur.

ASAN İnnovativ İnkişaf Mərkəzi dövlət qurumlarını, müəssisələri və fərdi iştirakçıları ödənişsiz həyata keçirilən “Süni intellekt savadlılığı” proqramına qoşulmağa, gələcəyin texnologiyalarını bu gündən öyrənməyə və rəqəmsal inkişafın bir parçası olmağa dəvət edir. 

Qeydiyyat linki: https://forms.gle/BX5YVNdb9ZpvXgjr5