26 dekabr 2025 17:00
410

Milli sərvətimizdən gələn gəlirlər: DÖVLƏT NEFT FONDU ONU NECƏ QORUYUR?- EKSKLÜZİV

İsrafil Məmmədov: Yaradıldığı dövrdə cəmi 270 milyon ABŞ dolları həcmində aktivlərlə fəaliyyətə başlayan Fond hazırda 70 milyard ABŞ dollarından artıq strateji ehtiyat formalaşdırıb

Dövlətlərin iqtisadi gücü təkcə malik olduqları təbii sərvətlərlə deyil, həmin sərvətləri necə idarə etmələri ilə ölçülür. Xüsusilə enerji bazarlarında qeyri-sabitliyin artdığı, qlobal risklərin çoxaldığı bir dövrdə neft və qaz gəlirlərinin strateji baxışla yönəldilməsi milli təhlükəsizlik və davamlı inkişaf baxımından həlledici əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)  məhz bu yanaşmanın təcəssümü olaraq, tükənən resurslardan əldə olunan gəlirləri uzunmüddətli maliyyə dayanıqlığına çevirən əsas institusional mexanizm kimi çıxış edir.

Tarixi təcrübə göstərir ki, milli sərvətin taleyini onun həcmi deyil, idarə olunma keyfiyyəti müəyyənləşdirir. Xüsusilə tükənən enerji resurslarından asılı iqtisadiyyatlar üçün bu amil strateji əhəmiyyət daşıyır.

ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov “İki sahil” qəzetinə müsahibəsində Fondun fəaliyyət və investisiya strategiyasından, qlobal maliyyə bazarlarında mövqeyindən, eləcə də sosial və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən prioritetlərdən bəhs edir.

-Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyət strategiyası ölkənin uzunmüddətli iqtisadi sabitliyinə necə töhfə verir? Bu strategiyanın əsas prioritetləri nədən ibarətdir?

-Azərbaycan Respublikası Dövlət Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsilləri üçün davamlı maliyyə mənbəyinə çevrilməsidir. Fondun yaradılmasında əsas məqsəd investisiyaları həyata keçirməklə yanaşı, müstəqil dövlət üçün makroiqtisadi sabitliyi qoruyan şəffaf və məsuliyyətli idarəetmə modelini institusional şəkildə formalaşdırmaq olmuşdur. Bu çərçivədə ARDNF milli iqtisadiyyatın dayanıqlı inkişafını təmin edən əsas sütunlardan birinə çevrilmişdir.

Yaradıldığı dövrdə cəmi 270 milyon ABŞ dolları həcmində aktivlərlə fəaliyyətə başlayan Fond hazırda 70 milyard ABŞ dollarından artıq strateji ehtiyat formalaşdıraraq fiskal və makroiqtisadi sabitliyə ciddi töhfə verir. Neft qiymətlərinin kəskin dəyişdiyi və qlobal iqtisadi qeyri‑müəyyənliklərin artdığı dövrlərdə Fond ölkə iqtisadiyyatı üçün etibarlı “təhlükəsizlik yastığı” funksiyasını yerinə yetirmiş, büdcə planlaşdırılmasında sabitlik və proqnozlaşdırıla bilmə səviyyəsini yüksəltmişdir.

Fondun fəaliyyəti dövründə dövlət büdcəsinə edilən transfertlər dövlət büdcəsi vasitəsilə sosial infrastrukturun inkişafına, strateji layihələrin icrasına, müdafiə qabiliyyətinin gücləndirilməsinə və əhalinin rifahına yönəldilmişdir. Bu transfertlər iqtisadi inkişafın ilkin illərində dövlət büdcəsi gəlirlərinin 50–60%-ni, son illərdə isə təxminən 30–40%-ni təşkil etməklə fiskal sabitliyin təminində mühüm rol oynamışdır. Bundan əlavə, Fond bir sıra strateji əhəmiyyətli sosial, infrastruktur, enerji və təhsil layihələrinin maliyyələşdirilməsini həyata keçirmişdir. Hal‑hazırda davam edən, insan kapitalının inkişafına yönəlmiş xaricdə təhsil üzrə Dövlət proqramlarının maliyyələşdirilməsi uzunmüddətli perspektivdə ölkənin rəqabətqabiliyyətli insan kapitalının gücləndirilməsinə və davamlı iqtisadi artım üçün zəruri əsasların formalaşdırılmasına xidmət edir.

Bununla yanaşı, Fond qlobal miqyasda səmərəli idarəetmə həyata keçirən peşəkar investor kimi formalaşmışdır. İnvestisiya portfeli 60‑dan çox ölkəni və minlərlə investisiyanı əhatə etməklə müxtəlif aktiv sinifləri – istiqrazlar, səhmlər, daşınmaz əmlak, qızıl və alternativ investisiyalar – üzrə balanslı şəkildə şaxələndirilmişdir. Son on il ərzində Fondun investisiya gəlirləri 15 milyard ABŞ dollarından artıq olmaqla uzunmüddətli maliyyə dayanıqlığının əsas mənbələrindən birinə çevrilmişdir. Bu nəticələr Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı və peşəkar tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir.

-Fondun gəlirlərinin idarə olunması zamanı hansı beynəlxalq təcrübələrdən istifadə olunur və bu sahədə şəffaflığın təmin edilməsinə necə nail olunur?

-Fondun gəlirlərinin və aktivlərinin idarə olunması beynəlxalq səviyyədə qəbul edilmiş qabaqcıl təcrübələrə əsaslanır. Bu yanaşmanın mərkəzində uzunmüddətli strateji planlaşdırma, aktivlər üzrə şaxələndirmə, risklərin ölçülməsi və idarə edilməsi, eləcə də daxili nəzarət və monitorinq mexanizmlərinin gücləndirilməsi dayanır. İnvestisiya qərarları müəyyən edilmiş risk–gəlirlilik çərçivəsi daxilində, institusional idarəetmə prinsipləri əsasında və müəyyən edilmiş ardıcıl prosedurlara uyğun qəbul edilir.

Beynəlxalq təcrübədə olduğu kimi, ARDNF-də də portfelin idarə edilməsində “strateji aktiv bölgüsü” əsas istinad çərçivəsi kimi çıxış edir. Bu çərçivə likvidlik tələbləri, transfert öhdəlikləri, bazar volatilliyi, inflyasiya riski və uzunmüddətli real gəlir məqsədləri nəzərə alınmaqla formalaşdırılır. Risklərin idarə edilməsi istiqamətində bazar riski, kredit riski, likvidlik və əməliyyat riskləri üzrə kəmiyyət əsaslı göstəricilər, limitlər və nəzarət mexanizmləri tətbiq olunur; müxtəlif makroiqtisadi və bazar ssenarilərinə uyğun stress‑testlər və həssaslıq təhlilləri mütəmadi aparılır. Bu, qlobal şoklar şəraitində portfelin dayanıqlığını qorumağa və qərarların qısamüddətli bazar dalğalanmalarından asılı olmadan qəbul edilməsinə xidmət edir.

Şəffaflığın təmin edilməsi isə Fondun fəaliyyət fəlsəfəsinin əsas elementlərindəndir və bir neçə institusional alət vasitəsilə təmin olunur. Fondun maliyyə hesabatları beynəlxalq maliyyə hesabatı standartlarına uyğun hazırlanır və beynəlxalq auditorlar tərəfindən yoxlanılır. Gəlirlər, xərclər, transfertlər və investisiya fəaliyyəti üzrə məlumatlar rüblük və illik əsasda ictimaiyyətə açıqlanır. ARDNF suveren sərvət fondları üçün müəyyən olunmuş Santyaqo Prinsiplərini tətbiq edir və Suveren Fondların Beynəlxalq Forumunun təsisçi üzvüdür ki, bu da şəffaflıq və hesabatlılıq prinsiplərinin idarəetmə proseslərinə sistemli şəkildə inteqrasiyasını dəstəkləyir.

Eyni zamanda, şəffaflıq Fond üçün yalnız hesabatlılıq tələbi deyil, həm də institusional etimadı gücləndirən və qərar qəbuletmə prosesində intizamı artıran idarəetmə mexanizmidir. Bu yanaşmanın nəticəsi olaraq ARDNF beynəlxalq səviyyədə şəffaflıq üzrə müxtəlif qiymətləndirmələrdə yüksək mövqe tutmuş, o cümlədən Peterson İnstitutu tərəfindən suveren fondlar üzrə açıqlıq və hesabatlılıq göstəricilərinə görə dünyanın ən şəffaf ilk 10 fondu sırasında yer almışdır.

-ARDNF-nin investisiya portfeli hazırda hansı əsas istiqamətləri əhatə edir və bu investisiyalar ilə bağlı statistik məlumatları bölüşə bilərsinizmi?

-Əvvəlcə qeyd etmək istərdim ki, 2025-ci ilin əvvəlinə 60,0 milyard ABŞ dolları təşkil edən ARDNF-nin aktivləri 2025-ci ilin sentyabr ayının sonuna 70,2 milyard ABŞ dollarına yüksəlmişdir. Bu, təxminən 9 ay ərzində 10 milyard ABŞ dollarından çox və ya 17 faizə yaxın artım deməkdir. Qeyd olunan dinamikaya investisiya gəlirləri, bazar qiymətlərinin dəyişimi (o cümlədən qızıl portfelinin dəyər artımı) və neft‑qaz gəlirlərinin ümumi hərəkəti təsir göstərmişdir.

Fondun investisiya portfelinin aktiv bölgüsünə əsasən, istiqrazlar və pul bazarı alətləri 34,7%, səhmlər 25,8%, qızıl 32,8%, daşınmaz əmlak və infrastruktur isə 6,7% paya malikdir. Bu struktur təsadüfi deyil və Fondun mandatından irəli gələn bir neçə məqsədi eyni vaxtda təmin etməyə yönəlib. Belə ki, istiqrazlar və pul bazarı alətləri portfelin likvidlik dayağı kimi çıxış etməklə transfert öhdəliklərinin icrası və bazar volatilliyi şəraitində çevik idarəetmə üçün dayanıqlı baza yaradır. Səhm portfeli uzunmüddətli real gəlirin təmin edilməsinə xidmət edir. Qızıl portfeli isə qlobal qeyri‑müəyyənliklər və inflyasiya risklərinə qarşı qoruyucu komponent kimi çıxış edir. Daşınmaz əmlak və infrastruktur investisiyaları portfelin diversifikasiyasını dərinləşdirir, stabillik və nisbətən dayanıqlı pul axınları hesabına risklərin balanslaşdırılmasına töhfə verir.

Portfelin coğrafi, sektor və valyuta baxımından şaxələndirilməsi riskləri effektiv idarə etməklə, uzunmüddətli dövrdə stabil gəlirliliyi hədəfləyir. Ümumilikdə, ARDNF-nin investisiyaların idarə edilməsi üzrə yanaşması qısamüddətli bazar dalğalanmalarına reaksiya verməkdən daha çox strateji hədəflərə uyğun olaraq risklərin balanslaşdırılması, aktivlərin real dəyərinin qorunması və gələcək nəsillər üçün dayanıqlı maliyyə əsasının formalaşdırılmasına yönəlmişdir.

-Qlobal iqtisadi qeyri-müəyyənliklər, xüsusilə enerji qiymətlərindəki dəyişkənlik Neft Fondunun siyasətinə və qərarlarına necə təsir göstərir?

-Sözsüz ki, qlobal maliyyə bazarlarında baş verən hadisələr maliyyə aktivlərinə təsirsiz ötüşmür. Kapital bazarlarında faiz dərəcələri, səhm və istiqraz qiymətlərindəki dəyişikliklər, valyuta məzənnələrinin dalğalanmaları, habelə əmtəə bazarlarında neft və qızıl qiymətlərinin dinamikası investisiya portfelinin gəlirliliyinə, nəticə etibarilə Fondun ümumi aktivlərinin həcminə birbaşa təsir göstərir.

Qlobal iqtisadi qeyri‑müəyyənliklər şəraitində ARDNF qlobal iqtisadi və geosiyasi prosesləri davamlı izləyərək investisiya siyasətində zəruri uyğunlaşdırmaları həyata keçirir. Bu əsasda, müxtəlif iqtisadi və maliyyə parametrləri nəzərə alınmaqla mütəmadi stress‑test və ssenari təhlilləri aparılır, mümkün risklər qiymətləndirilir və nəzarətdə saxlanılır. Burada məqsəd qısamüddətli dəyişkənlikləri “təqib etmək” deyil, portfelin dayanıqlığını qorumaq və mandatlara uyğun risk səviyyəsini saxlamaqdır.

Enerji qiymətlərindəki dəyişkənliyə gəldikdə isə, Fondun büdcəsi dövlət büdcəsi ilə sıx koordinasiya şəraitində tərtib olunur və neft qiymətləri üzrə fərziyyələr beynəlxalq təşkilatların ortamüddətli proqnozlarına əsaslanır. İcmal büdcə çərçivəsində dövlət büdcəsinin gəlir və xərcləri proqnozlaşdırılarkən ARDNF-nin gəlirləri, xərcləri və aktivlərinin dayanıqlı səviyyədə saxlanılması əsas götürülür. İl ərzində neft qiymətlərində baş verən dəyişikliklər nəticəsində gəlirlərin azalması fonunda ARDNF öz büdcə öhdəliklərinin qarşılanması məqsədilə müvafiq likvidliyin təmin olunmasını portfelin strukturunda nəzərə alır. Bu yanaşma qlobal volatillik şəraitində fiskal və makroiqtisadi sabitliyin qorunmasına xidmət edir.

-Fondun sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsində rolu nədən ibarətdir? Bu layihələr üzrə prioritet sahələr hansılardır?

-Əvvəlcə qeyd etmək istərdim ki, Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə - proqrama uyğun olaraq həyata keçirilir. Bu çərçivədə Fondun vəsaiti ölkənin sosial‑iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Buna Fondun fəaliyyəti dövründə maliyyələşdirdiyi sosial, infrastruktur, təhsil və enerji layihələrini misal göstərmək olar.

Bildiyimiz kimi, növbəti illərdə icmal büdcə çərçivəsində Fondun xərcləri üzrə prioritet istiqamətlərdən biri insan kapitalının inkişafının maliyyələşdirilməsidir. Bu çərçivədə ARDNF-nin maliyyə dəstəyi ilə həyata keçirilən “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “2022–2028-ci illər üçün Azərbaycan Respublikasının gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Bu proqramlar minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil almasına şərait yaratmaqla yanaşı, ölkəyə qayıdan ixtisaslı kadrların bilik və bacarıqlarının iqtisadiyyatın müxtəlif sahələrinə inteqrasiyasını dəstəkləyir.

Son dövrdə Fond cənab Prezidentin müvafiq sərəncamlarına əsasən ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına yönəlmiş beynəlxalq ikili diplom proqramlarının, eləcə də peşə təhsili sisteminin potensialının gücləndirilməsi çərçivəsində əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığını hədəfləyən layihələrin maliyyələşdirilməsini təmin edir. Ümumilikdə, Dövlət Neft Fondunun sosial və infrastruktur layihələrində rolu neft gəlirlərini maliyyə aktivlərinə və insan kapitalına çevirməklə sosial rifahın yüksəldilməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsinə yönəlib.

-ARDNF-nin “yaşıl iqtisadiyyat” və dayanıqlı inkişaf istiqamətində planlaşdırdığı təşəbbüslər varmı? Əgər varsa, bu təşəbbüslərin əsas məqsədləri nələrdir?

Fondun investisiya strategiyası uzunmüddətli sabit gəlirliliyin təmin olunmasına xidmət etməklə, qlobal tendensiyalara və dayanıqlı inkişaf məqsədlərinə uyğun şəkildə formalaşdırılır. Son illərdə ARDNF-nin infrastruktur portfeli çərçivəsində yaşıl enerjiyə yönəldilmiş investisiyaları tədricən artmaqdadır. Dayanıqlı infrastruktur investisiyalarına nümunə kimi qeyd edək ki, ARDNF 2025-ci ildə İtaliyada bərpaolunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkətinin Günəş elektrik stansiyalarından ibarət portfelində 49%-lik pay əldə etmiş, habelə İtaliyanın yüksək sürətli dəmir yolu operatoru “Italo” şirkətinə 34,5 milyon avro həcmində investisiya yatırmışdır.

Bu yanaşmaya əsaslanaraq, gələcəkdə də Fondun strategiyası çərçivəsində yaşıl enerji layihələrinə investisiyaların nəzərdən keçirilməsi planlaşdırılır. Dayanıqlı enerji mənbələrinə keçid və yaşıl enerjinin inkişafı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir və bu kontekstdə iqtisadi inkişafla ətraf mühitin qorunması arasında balansın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu prosesdə ARDNF-nin rolu neft və qaz gəlirlərinin uzunmüddətli və məsuliyyətli idarə olunması ilə məhdudlaşmır. Fond şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanaraq əldə olunan vəsaitlərin dayanıqlı iqtisadi inkişafa töhfə verən layihələrə yönəldilməsində iştirak edir. Milli sərvətin qorunması mandatına uyğun olaraq investisiya fəaliyyətində ətraf mühit, sosial və korporativ idarəetmə (ƏSİ) prinsiplərinin inteqrasiyasına xüsusi diqqət yetirilir. Aparılmış kompleks qiymətləndirmələrin nəticələri Fondun investisiya portfelinin karbon emissiyası baxımından müvafiq bençmark göstəricilərindən daha aşağı səviyyədə olduğunu göstərir. Eyni zamanda, özəl səhm və daşınmaz əmlak aktivləri üzrə şəffaflıq göstəricilərimiz bazarda mövcud olan orta səviyyəni əhəmiyyətli dərəcədə üstələyir.

Bu istiqamətdə atılan mühüm addımlardan biri də səhm portfeli üzrə səhmdar hüquqlarının daha fəal tətbiqinə başlanılmasıdır. Keçən ilin sonlarından etibarən Fond investisiya etdiyi şirkətlərin idarəetməsində müsbət dəyişikliklərin təşviqi məqsədilə Səhmdarların Ümumi Yığıncaqlarında səsvermə mexanizmindən istifadə edir; bu alət vasitəsilə korporativ idarəetmə, şəffaflıq və uzunmüddətli dəyər yaradılması üzrə mövqeyini ifadə edir.

-ARDNF-nin beynəlxalq maliyyə reytinqlərində mövqeyi necədir və bu reytinqlər Fondun qlobal bazarlarda nüfuzuna hansı təsirləri göstərir?

-Fondun fəaliyyəti dünyanın ən nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycanın suveren kredit reytinqləri üzrə qiymətləndirmələrində əsas institusional amillərdən biri kimi nəzərə alınır.

Bu qiymətləndirmələr çərçivəsində Fondun aktivlərinin həcmi, fiskal transfert mexanizmləri, investisiya strategiyası, likvidlik səviyyəsi, risklərin idarə edilməsi və şəffaflıq prinsipləri təhlil olunur və ölkənin ümumi maliyyə dayanıqlığının formalaşmasında ARDNF-nin rolu vurğulanır. Beləliklə, Fond reytinq agentliklərinin metodologiyalarında dövlətin maliyyə balansının əsas dayaqlarından biri və xarici iqtisadi şoklara qarşı bufer mexanizmi kimi qiymətləndirilir. Eyni zamanda, yüksək institusional etimad səviyyəsi Fondu etibarlı və uzunmüddətli investor kimi təqdim etməklə aparıcı beynəlxalq maliyyə institutları və strateji tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirir.

-Dövlət Neft Fondunun fəaliyyəti ərzində əldə olunan əsas nailiyyətlər və qarşıda duran ən mühüm çağırışlar barədə fikirlərinizi bölüşə bilərsinizmi?

-Dövlət Neft Fondunun fəaliyyəti dövründə nailiyyətləri ümumiləşdirsək, Fond tükənən enerji gəlirlərini uzunmüddətli maliyyə resursuna çevirərək peşəkar institusional investor kimi formalaşmışdır. Şaxələndirilmiş investisiya portfeli, risklərin sistemli idarə edilməsi və beynəlxalq standartlara uyğun fəaliyyət sayəsində Fond ölkənin fiskal və makroiqtisadi sabitliyinin əsas dayaqlarından birinə çevrilmiş, böhran dövrlərində dövlət büdcəsi üçün etibarlı maliyyə mənbəyi rolunu oynamışdır.

Son illər Fondun beynəlxalq tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından da əlamətdar olmuşdur. Bu çərçivədə 1,35 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən, Suveren Fondların Beynəlxalq Forumunun ən aktiv üzvlərindən biri olan nüfuzlu institusional investor - Çin İnvestisiya Korporasiyası, eləcə də 300 milyard ABŞ dollarından artıq həcmdə vəsaiti idarə edən Səudiyyə Ərəbistanının Dövlət Sosial Sığorta Təşkilatı və Dövlət Pensiya Agentliyinin birləşməsi nəticəsində yaranmış və dünyanın 10 ən böyük pensiya fondları sırasında yer alan  Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumlarını xüsusi qeyd etmək olar. Belə ki,  aparıcı qlobal investisiya təşkilatları olan Çin İnvestisiya Korporasiyası və Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumlarının imzalanması potensial birgə investisiya imkanlarının müəyyənləşdirilməsi, qabaqcıl təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu memorandumlar Fondun qlobal investisiya ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, gələcəkdə konkret layihələr üzrə əməkdaşlıq üçün institusional baza formalaşdırır.

Qarşıda duran əsas çağırışlara gəldikdə isə, qlobal maliyyə bazarlarında artan qeyri‑müəyyənliklər, geosiyasi risklər, enerji keçidi və uzunmüddətli perspektivdə neft gəlirlərinin azalması fonunda Fondun aktivlərinin real dəyərinin qorunması və artırılması əsas prioritetlərdən biri olaraq qalır. Eyni zamanda, fiskal ehtiyaclar və gələcək nəsillər üçün yığım məqsədləri arasında balansın saxlanılması, eləcə də investisiya strategiyasının dəyişən qlobal şəraitə uyğunlaşdırılması Fondun qarşısında duran mühüm strateji vəzifələr sırasındadır.

Yaqut Ağaşahqızı, “İki sahil”