06 yanvar 2026 11:32
184

Tokayev Qazaxıstanda parlament islahatı üzrə müşavirə keçirib

Qazaxıstanda birpalatalı parlamentin yaradılması məsələsinin müzakirə olunacağı parlament islahatı üzrə işçi qrupunun növbəti iclası yanvarın 9-da keçiriləcək.

“İki sahil” "Xazar" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında parlament islahatı üzrə keçirilən işçi müşavirəsində bildirilib.

Dövlət müşaviri Yerlan Karin və prezidentin hüquq məsələləri üzrə köməkçisi Yerjan Jiyenbaev də müşavirədə iştirak ediblər.

Karin parlament islahatı üzrə işçi qrupunun fəaliyyətinin ara nəticələri barədə məlumat verib. Beləliklə, "e-Otinish" dövlət platformasında və "Egov" servisində "Parlament islahatı" xüsusi bölməsinin işə salındığı gündən bəri təxminən 500 təklif daxil olub. Vətəndaşlar, ekspertlər və ictimai təşkilatlardan daxil olan təklif və təşəbbüslərin ümumiləşdirilməsi və təhlili üzrə işlər davam edir.

Tokayev daxil olmuş bütün təşəbbüslərin hərtərəfli nəzərdən keçirilməsi və onların əsasında konstitusiya islahatına əsas yanaşmaların işlənib hazırlanmasını tapşırıb.