Virus infeksiyaları uşaqların məktəbdə davamiyyətinə birbaşa və ciddi təsir göstərən əsas amillərdəndir. Xüsusilə payız–qış mövsümündə qrip, respirator viruslar və digər yoluxucu xəstəliklər həm şagirdlərin sağlamlığına, həm də tədris prosesinin davamlılığına mane olur. Bu vəziyyət təkcə bir uşağın dərsdən qalması ilə bitmir, bəzən sinif, hətta bütöv məktəb səviyyəsində fasilələrə səbəb olur.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib.
G.Əkbərovanın sözlərinə görə, dünya təcrübəsinə baxdıqda bir çox ölkələrdə uşaqların xəstə halda məktəbə göndərilməsinin artıq risk kimi qiymətləndirildiyi bəlli olur. Məsələn, Finlandiya, Yaponiya, Kanada kimi ölkələrdə valideynlərə açıq şəkildə tövsiyə olunur ki, uşaq tam sağalmadan məktəbə qayıtmasın. Bunun əsas səbəbi yalnız həmin uşağın sağlamlığı deyil, virusun digər şagirdlərə və müəllimlərə yayılmasının qarşısını almaqdır. Çünki bir uşağın bir neçə gün dərsdən qalması bütün sinfin həftələrlə eyni problemi yaşamasından daha az itki sayılır.
“Araşdırmalar göstərir ki, tez-tez virus infeksiyası keçirən uşaqlarda davamiyyət problemləri ilə yanaşı, dərs materialının mənimsənilməsində də çətinliklər yaranır. Uşaq ardıcıl olaraq dərsdən qalanda mövzular arasında boşluqlar yaranır, bu da motivasiyanın azalmasına, bəzən isə məktəbə qarşı mənfi münasibətin formalaşmasına gətirib çıxarır. Xüsusilə ibtidai sinif şagirdləri üçün bu, daha həssas məsələdir, çünki əsas oxu, yazı və riyazi bacarıqlar məhz bu dövrdə formalaşır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə problemin həlli üçün yalnız tibbi yox, pedaqoji yanaşmalar da tətbiq olunur. Bir çox ölkələrdə xəstəlik səbəbindən dərsdən qalan uşaqlar üçün onlayn tapşırıqlar, qısa videodərslər və ya müəllimin fərdi dəstəyi təmin edilir. Bu, uşağın həm dərsdən geri qalmamasına, həm də sağalma prosesini stressiz keçirməsinə kömək edir. Pandemiya dövründə əldə olunan rəqəmsal təcrübə göstərdi ki, çevik təhsil modelləri davamiyyət probleminin təsirini xeyli azalda bilər.
“Bizim reallıqda isə bəzən valideynlər uşağı tam sağalmadan məktəbə göndərməyə üstünlük verirlər. Bunun səbəbi dərsdən geri qalmaq qorxusu, qiymətləndirmə ilə bağlı narahatlıq və ya məktəbdə kompensasiya mexanizmlərinin yetərli olmamasıdır. Halbuki həmin yanaşma qısa müddətdə “qazanc” kimi görünsə də, uzunmüddətli baxımdan həm uşağın özünə, həm də məktəb mühitinə zərər vurur.
Bu baxımdan virus infeksiyalarının məktəbə davamiyyətə təsirini azaltmaq üçün bir neçə əsas məqam vacibdir: valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi, sağlamlıqla bağlı düzgün maarifləndirmə, çevik tədris və qiymətləndirmə yanaşmaları, eləcə də məktəblərdə gigiyena və profilaktik tədbirlərin sistemli şəkildə aparılması. Dünya təcrübəsi göstərir ki, sağlam uşaq – davamlı təhsil deməkdir. Davamlı təhsil isə yalnız dərs saatlarının sayı ilə deyil, uşağın fiziki və psixoloji rifahı ilə ölçülməlidir.
Bir sözlə, uşağın sağlamlığı təhsildən ayrı məsələ deyil. Əksinə, sağlamlıq təhsilin ən vacib şərtidir. Bu yanaşmanı nə qədər tez qəbul etsək, həm davamiyyət problemləri, həm də tədrisin keyfiyyəti ilə bağlı bir o qədər az çətinliklə üzləşərik”, - deyə G.Əkbərova qeyd edib.
Tramp: ABŞ İrandakı hadisələrə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir