10 yanvar 2026 15:46
264

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib

Azərbaycan Prezidenti İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı ölkəmizin enerji siyasəti tarixində mühüm hadisə kimi yadda qalıb. Dövlətimizin başçısının mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın davamlı inkişaf modelinə sadiqliyini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və yaşıl enerji strategiyasının ardıcıl şəkildə həyata keçirildiyini aydın şəkildə ortaya qoyub.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Deputatın sözlərinə görə, son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib:

“Enerji sahəsində həyata keçirilən islahatlar da məhz bu strateji məqsədlərə xidmət edir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payının artırılmasına, ənənəvi enerji resurslarından asılılığın azaldılmasına mühüm töhfə verir. Layihə eyni zamanda Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərinə qoşulmaqla qlobal ekoloji çağırışlara adekvat cavab vermək iradəsini nümayiş etdirir. Təmiz enerji istehsalı atmosferə atılan zərərli tullantıların azalmasına və ətraf mühitin mühafizəsinə real töhfə deməkdir.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyev “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini Azərbaycanın həyatında əlamətdar bir gün kimi qiymətləndirib:

“Bu mühüm addım ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinin geniş tətbiqi istiqamətində həyata keçirilən ardıcıl siyasətin məntiqi nəticəsidir. Yeni stansiyanın istifadəyə verilməsi təkcə enerji istehsalının həcminin artması anlamına gəlmir, eyni zamanda Azərbaycanın müasir çağırışlara uyğun, ekoloji cəhətdən məsuliyyətli inkişaf modelini seçdiyini nümayiş etdirir. Bu layihə ölkəmizin zəngin külək potensialından səmərəli istifadənin real nümunəsi olmaqla yanaşı, enerji balansında təmiz və dayanıqlı mənbələrin payının artırılmasına xidmət edir. Stansiyanın fəaliyyəti regionların sosial-iqtisadi inkişafına, innovativ texnologiyaların tətbiqinə və yeni imkanların yaranmasına da şərait yaradır. Bu baxımdan “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətinin mühüm tərkib hissəsi və yaşıl inkişaf kursunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir”.

Parlamentari onu da bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin əsasən xarici investorların iştirakı ilə reallaşdırılmasıdır:

“Bu layihələr artıq genişmiqyaslı xarakter alıb və indiyədək bu sahəyə yüz milyonlarla dollar həcmində investisiya yönəldilib. Bu fakt Azərbaycanın yaşıl enerji sahəsində beynəlxalq maraq dairəsində olduğunu açıq şəkildə göstərir. Azərbaycan dövləti xarici sərmayələrin qorunmasına daim xüsusi həssaslıqla yanaşıb və bu prinsip uzun illərdir ardıcıl şəkildə təmin olunur. Ölkəmizdə icra olunan çoxsaylı neft və enerji kontraktları onilliklər ərzində dəyişməz şəkildə həyata keçirilib. Qəbul edilmiş qərarlara və bağlanmış müqavilələrə sonradan heç bir müdaxilə olunmayıb – nə paraqraf, nə maddə, nə də bir söz dəyişdirilib. Bu yanaşma gələcəkdə də dəyişməyəcək. Məhz bu sabitlik və hüquqi etibarlılıq xarici investorların Azərbaycana inamını formalaşdıran əsas amillərdəndir. Prezidentin çıxışında əks olunan bu yanaşma onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir. Burada öhdəliklər qanunla qorunur, razılaşmalar dəqiqliklə icra olunur. Sözün imza qədər dəyərli olması isə ölkəmizin beynəlxalq investisiya mühitində qazandığı yüksək nüfuzun əsas dayaqlarından biri kimi qiymətləndirilir”.