11 yanvar 2026 14:41
129

Laricani: Hüquq-mühafizə orqanlarının çoxlu sayda əməkdaşı xəsarət alıb

Etiraz aksiyaları ilə iğtişaşlar fərqləndirilməlidir, qarşıdurma və toqquşmalara səbəb olan şəxslər ağır məsuliyyət daşıyacaqlar.

“İki sahil” xəbər verir ki, bu açıqlama ilə İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani çıxış edib.

Onun sözlərinə əsasən, dinc aksiyalar ölkədə mövcud iqtisadi çətinliklərdən irəli gələn xalq narazılığının ifadəsidir. Laricani bildirib ki, ali rəhbərin də vurğuladığı kimi, bu etirazlar başadüşüləndir və iqtisadi sabitliyin, xüsusilə valyuta sahəsində tarazlığın təmin olunması vətəndaşların haqlı tələbləri sırasındadır.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, xalqın iqtisadi istəkləri ilə əlaqəsi olmayan dağıdıcı bir qrup da formalaşıb. Onun sözlərinə görə, bu qrup etirazlardan sui-istifadə edərək son dərəcə zorakı və cinayət xarakterli əməllər törədib, o cümlədən qətllər, insanların yandırılması kimi ağır hadisələrə yol verib.

Laricani əlavə edib ki, hüquq-mühafizə orqanlarının çoxlu sayda əməkdaşı xəsarət alıb, təəssüf ki, onlardan bir neçəsi həyatını itirib. Eyni zamanda, etiraz və qarşıdurmalarda iştirak etməyən dinc sakinlər arasında da ölən və yaralananların olduğu bildirilib.