Amsterdamın tarixi mərkəzinin və şəhərin qərb rayonlarının böyük bir hissəsi elektrik yarımstansiyasında baş verən partlayış nəticəsində elektriksiz qalıb.
“İki sahil” NOS televiziya kanalına istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməsi yerli vaxtla təxminən saat 16:00-da qeydə alınıb.
Şəbəkə operatoru "Liander"in məlumatına görə, bərpa işləri bir neçə saat çəkə bilər və elektrik enerjisinin saat 18:30-dan əvvəl bərpa olunması gözlənilmir. Hazırda Kalverstraat və Nine Streets ticarət rayonları da daxil olmaqla bir sıra ərazilər işıqsız qalıb. Bu zonalarda yerləşən bir neçə mağaza, o cümlədən Uniqlo, Zara və The Sting kimi iri ticarət şəbəkələri artıq cümə axşamına qədər fəaliyyətini dayandırmaq qərarı verib.
Elektrik kəsilməsi nəqliyyata da təsir göstərib. Şəhər kənarındakı dörd xətt istisna olmaqla, Amsterdamda bütün tramvayların hərəkəti dayandırılıb, metro isə fasiləsiz işləməyə davam edir.
Məlumata görə, 50 mindən çox sakin elektrik enerjisiz qalıb. Bununla əlaqədar olaraq, Amsterdam sakinlərinə təcili xəbərdarlıq göndərilib, onlardan lift və eskalatorlardan istifadə etməmək, həmçinin ehtiyacı olan qonşularına kömək göstərmək xahiş olunub.
Yanğınsöndürmə idarəsi bildirib ki, hadisə əsas küçələrdən birinin yaxınlığında yerləşən elektrik paylayıcı qurğuda aparılan işlər zamanı baş verən partlayış nəticəsində qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.